BAKI, 21 aprel. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp İranla aparılan dolayı danışıqların müsbət istiqamətdə inkişaf etdiyini bildirib.
Teleqraf xəbər verir ki, bu barədə Tramp Ağ Evdə jurnalistlərə açıqlamasında bildirib.
O söyləyib ki, danışıqların gedişindən razıdır, lakin nəticə üçün bir qədər zaman tələb olunur.
“İranla bağlı çox yaxşı görüşlərimiz oldu. Nə olacağını görəcəyik. Növbəti addım üçün bizə bir az vaxt lazımdır, amma proses ümumilikdə müsbət gedir”, - deyə ABŞ Prezidenti qeyd edib.
Xatırladaq ki, aprelin 19-da Romada İran və ABŞ arasında Tehranın nüvə proqramı ilə bağlı fikir ayrılıqlarının aradan qaldırılması məqsədilə dolayı danışıqların ikinci raundu keçirilib. Danışıqlara Oman vasitəçilik edib.
Görüşdə ABŞ nümayəndə heyətinə prezidentin xüsusi nümayəndəsi Stiven Uitkoff, İran tərəfinə isə xarici işlər naziri Abbas Əraqçi rəhbərlik edib.
Danışıqların növbəti raundunun aprelin 26-da texniki səviyyəli məsləhətləşmələrdən sonra keçirilməsi planlaşdırılır.