BAKI, 21 aprel. TELEQRAF

"Amerika Birləşmiş Ştatları Rusiya Federasiyasının Ukraynaya qarşı müharibəsindən bezib".

Teleqraf xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Keyt Kelloq "Fox News" telekanalının efirində ABŞ Dövlət katibi Marko Rubionun Vaşinqtonun irəliləyiş olmadığı halda sülh danışıqlarından geri çəkilə biləcəyi ilə bağlı sözlərini şərh edərkən deyib.

Kelloqun sözlərinə görə, Rubionun bəyanatı kifayət qədər sərt səsləndi, lakin bu reallıqdır: "Buna səbəb Vaşinqtonun baş verənlərdən bezməsidir. Amerika Birləşmiş Ştatlarının iştirak etməli olduğu çoxlu başqa qlobal məsələlər var. Bu müharibə çox uzun müddətdir davam edir. Amma düşünürəm ki, imkan var. İlkin sənəd adlandırdığım şeyi hazırlamışıq".

Xatırladaq ki, bu yaxınlarda ABŞ Dövlət katibi Marko Rubio bəyan etmişdi ki, yaxın gələcəkdə nəzərəçarpacaq irəliləyiş əldə olunmasa, ölkə Ukraynada müharibəyə son qoymaq üçün danışıqlardan geri çəkilə bilər.

Bundan əlavə, Ağ Ev bəyan edib ki, Donald Tramp Kreml lideri Putin və Ukrayna lideri Volodimir Zelenskinin sülh prosesi ilə bağlı davranışından narazıdır.