BAKI, 20 aprel. TELEQRAF
Böyük Britaniyanın keçmiş xarici işlər naziri Ben Uollesin fikrincə ABŞ Prezidenti Donald Tramp Ukrayna müharibəsinin dayandırılması ilə bağlı cəhdlərdən imtina etməyə yaxındır.
Teleqraf xəbər verir ki, bu barədə "The Times" məlumat yayıb.
Uollesin sözlərinə görə, Tramp uğursuzluq ehtimalını dərk edərək, Amerikanın ictimai diqqətini Çinə yönəltmək niyyətindədir:
"Düşünürəm ki, o artıq təslim olmağa hazırdır. Tramp razılaşma əldə etməkdə o qədər də uğurlu deyil və indi diqqəti Ukraynadan yayındıraraq Çinə yönəltmək istəyir. Çünki verdiyi vədlərin (24 saat ərzində müharibəni bitirəcəyini deməsinin - red.) reallaşmaması onun üçün ciddi siyasi zərbədir”.
Xatırladaq ki, Donald Tramp bir müddət əvvəl bəyan etmişdi: əgər Ukrayna münaqişəsinin həlli ilə bağlı danışıqlarda tərəflərdən biri prosesi sabotaj edərsə, ABŞ vasitəçilikdən imtina edə bilər. O, bunun baş verməyəcəyinə ümid etdiyini də əlavə etmişdi.