BAKI, 16 aprel. TELEQRAF
ABŞ Müdafiə Nazirliyi məxfi məlumatların sızması ilə bağlı aparılan təhqiqatla əlaqədar daha bir məmuru vəzifəsindən kənarlaşdırıb.
Teleqraf xəbər verir ki, bu barədə “Politico” nəşri mənbələrinə istinadən məlumat yayıb.
Məlumata görə, müdafiə nazirinin müavininin aparat rəhbəri Kolin Kerroll inzibati məzuniyyətə göndərilib. Qeyd edək ki, daha əvvəl məxfi məlumatların sızması ilə bağlı aparılan təhqiqatla əlaqədar Pentaqonun katibinin aparat rəhbərinin müavini Darin Selnik, eləcə də müdafiə nazirinin müşaviri Den Kolduel xidmətdən kənarlaşdırılıb.
Nəşrin yazdığına görə, hazırda Pentaqon Panama kanalı ilə bağlı hərbi planlar, Qırmızı dənizdə ABŞ-nin daha bir təyyarədaşıyan gəmisinin yerləşdirilməsi, habelə İlon Maskın Pentaqona səfəri və Ukrayna üzrə kəşfiyyat məlumatlarının toplanması ilə bağlı məxfi məlumatların sızmasını araşdırır.