BAKI, 11 aprel. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp Rusiyanı Ukraynadakı münaqişənin dayandırılması üçün təcili tədbirlər görməyə çağırıb.

Teleqraf xəbər verir ki, o, bu çağırışı "Truth Social" platformasında yayımladığı açıqlamada səsləndirib.

Tramp bildirib ki, Rusiya Prezidenti Vladimir Putinlə onun xüsusi nümayəndəsi Stiv Vitkoff arasında aparılan danışıqlar fonunda Moskva münaqişənin həlli istiqamətində konkret addımlar atmalıdır.

"Rusiyanın hərəkətə keçməsinin vaxtıdır. Bu dəhşətli və mənasız münaqişədə çoxlu insan ölür - hər həftə minlərlə insan," - deyə Tramp qeyd edib.

Prezident əlavə edib ki, davam edən münaqişə nəinki regionda, həm də qlobal miqyasda sabitliyi təhdid edir və bu səbəbdən Rusiya sülh prosesinə qoşulmalıdır.

Ekspertlər Trampın bu açıqlamasını ABŞ-nin Rusiya ilə diplomatik əlaqələri bərpa etmək və münaqişənin siyasi yolla həllinə yönəlmək istəyi kimi dəyərləndirirlər.