BAKI, 7 aprel. TELEQRAF

ABŞ Prezidenti Donald Trampın tənqid etdiyi britaniyalı rəssam Sara Bordman deyib ki, bu tənqidlər onun dürüstlüyünü sual altına alıb və karyerasını təhdid edib.

Teleqraf “The Guardian”a istinadən xəbər verir ki, Sara Bordman Denverdəki Kolorado Ştat Kapitolunun binası üçün Trampın rəsmi portretini çəkib və burada altı il divardan asılı qalıb.

Mart ayında Tramp "Truth Social"dakı yazısında portretin “məqsədəuyğun şəkildə təhrif edildiyini” yazmışdı. Tramp bildirib ki, Bordmanın keçmiş ABŞ prezidenti Barak Obaman üçün çəkdiyi portreti “gözəl”dir, lakin “məndə olan portret həqiqətən ən pisdir”.

Bordman insidentdən sonra verdiyi ilk açıqlamada Trampın şərhlərinin onun “dürüstlüyünü və bacarıqlarını şübhə altına aldığını” bildirib.

Bordman əlavə edib ki, o, portreti məqsədyönlü şəkildə təhrif etməyib, siyasi qərəz olmadan çəkib.

Trampın tənqidindən sonra portretin Kapitolun binasından götürüləcəyi qeyd olunub.