
BAKI. 25 mart. TELEQRAF
ABŞ administrasiyası keçmiş FTB agenti Robert Levinsonun oğurlanması və ehtimal olunan ölümündə iştirak etdiyi iddia olunan İranın 3 kəşfiyyatçısına qarşı sanksiyalar tətbiq edib.
Teleqraf xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Temmi Bryus bildirib.
O, bu şəxslərin İran kəşfiyyat orqanlarının əməkdaşları olduğunu söyləyərək, onlara qarşı sanksiyaların tətbiq olunduğunu açıqlayıb.
Xatırladaq ki, Levinson 2007-ci ildə İrana şəxsi işgüzar səfərə getdikdən sonra yoxa çıxıb. İlk olaraq şəxsi səbəblərlə İrana gəldiyi iddia edilsə də, 2013-cü ildə aparılan jurnalist araşdırmasında Levinsonun ABŞ Kəşfiyyat Mərkəzi (MKİ) ilə əlaqəli olduğu məlum olub. 2019-cu ildə ABŞ hökuməti Levinsonun harada olduğunu öyrənənə qədər 20 milyon dollar mükafat təklif etmişdi.