
BAKI, 25 mart. TELEQRAF
ABŞ Milli Kəşfiyyatının direktoru Tulsi Qabbard Şimali Koreyanın qısa müddətdə yeni nüvə silahının sınağını keçirməyə hazırlaşdığını bildirib.
Teleqraf xəbər verir ki, o, bu barədə Senatın Kəşfiyyat komitəsinin dinləmələrində çıxış edərkən deyib.
Qabbard Şimali Koreyanın gələcək danışıqlarda təsirini artırmaq üçün qitələrarası ballistik raketləri sınaqdan keçirməyə davam etdiyini vurğulayıb.
Onun sözlərinə görə, Şimali Koreya lideri Kim Çen In ölkəsinin nüfuzunu artırmaq, rejimi qorumaq və nüvə dövləti kimi tanınmaq məqsədilə ABŞ və regiondakı müttəfiqlərinə qarşı strateji imkanları gücləndirməyə çalışır.
Həmçinin Qabbard Rusiya ilə inkişaf edən münasibətlərin Şimali Koreyanın məqsədlərinə çatmasında mühüm rol oynadığını da qeyd edib. O hesab edir ki, Kim Çen In 2019-cu ildən bəri əldə etdiyi strateji silahlara və Rusiya ilə əlaqələrin dərinləşməsinə baxaraq, iqtisadi və diplomatik gücünü artırmaq niyyətindədir.