BAKI, 24 mart. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp Venesueladan neft və qaz alan ölkələrə qarşı sanksiya xarakterli tədbirlərin görüləcəyini bəyan edib.

Teleqraf xəbər verir ki, bu barədə Tramp "Truth Social" sosial şəbəkəsində paylaşım edib.

O qeyd dib ki, Venesuela ilə bu cür sövdələşmələrə gedən ölkələrə məxsus mallara ABŞ-də 25 faiz rüsum tətbiq olunacaq. Tramp bu addımı belə əsaslandırıb: “Venesuela bilərəkdən və fırıldaqçılıq yolu ilə on minlərlə zorakı cinayətkarı ABŞ-yə göndərib. Onların çoxu böyük dəstələrin üzvləridirlər. Üstəlik, Venesuela ABŞ-yə və onun dəstəklədiyi demokratiyaya qarşı son dərəcə düşmən münasibət bəsləyir”.

Sözügedən tariflərin bu il aprelin 2-dən etibarən qüvvəyə minəcəyi açıqlanıb.

Xatırladaq ki, fevral ayının sonunda Donald Tramp Venesueladan neft tədarükünə verilmiş icazəni ləğv etmişdi. O, rəsmi Karakası ABŞ ilə əldə olunmuş neft razılaşmasının şərtlərini yerinə yetirməməkdə, xüsusən də ölkədə demokratik seçkilərin keçirilməməsində ittiham etmişdi.