BAKI, 8 mart. TELEQRAF

Ukraynanın xarici işlər naziri Andrey Sibiqa ilə ABŞ Dövlət katibi Marko Rubio arasında telefon danışığı olub.

Teleqraf xəbər verir ki, bu barədə Ukrayna XİN rəhbəri "X" sosial şəbəkəsindəki səhifəsində məlumat yayıb.

Məlumata görə, tərəflər Səudiyyə Ərəbistanında iki ölkənin nümayəndə heyətləri arasında keçiriləcək danışıqlara hazırlığı müzakirə ediblər.

“Marko Rubio ilə konstruktiv dialoq baş tutdu. Əsas mövzu Ukrayna və Amerika nümayəndə heyətləri arasında Səudiyyə Ərəbistanında görüşün təşkili olub”, - Sibiqa paylaşımda qeyd edib.

Ukrayna Xarici İşlər Nazirliyinin rəhbəri həmçinin vurğulayıb ki, ABŞ-in beynəlxalq arenada fəal rolu olmadan davamlı sülhə nail olmaq mümkün deyil.

Martın 7-də ABŞ və Ukrayna nümayəndələrinin gələn həftə Səudiyyə Ərəbistanının Ciddə şəhərində münaqişənin həlli ilə bağlı danışıqlar aparacağı bildirilib .

Tərəflər müvəqqəti atəşkəsə nail olmaq və Rusiya ilə Ukrayna arasında dinc dialoqun əsasını formalaşdırmaq mexanizmlərini müzakirə edəcəklər.