Vüsalə Hüseynlı

Bu gün hər birimiz fəxrlə, qürurla müstəqil Azərbaycanın vətəndaşı statusunu daşıyırıq. Bizim də digər dövlətlər kimi özümüzün gerbimiz, bayrağımız, himnimız, konsitutsiyamız, bir sözlə, bir müstəqil dövlətə lazım olan simgələrimiz var…

Kim deyə bilərdi ki, nə vaxtsa müstəqil Azərbaycan təbii fəlakətdən zərər çəkən ölkələrə yardım edə, neçə-neçə ölkəyə kredit verə, Roma, Vatikan, Budapeşt kimi ölkələrdə xeyriyyəçilik missiyası həyata keçirə, Parisdə Luvr muzeyini təmir etdirə, olduqca bahalı mötəbər idman yarışlarına ev sahibliyi edə və hətta BMT-nin Təhlükəsizlik Şurasına sədrlik belə edə bilər. Ancaq bütün bu sadaladıqlarımız reallaşdı və biz bunun şahidi olduq.

Təbii ki, yuxarıda sadaladığımız faktların bu gün həyata keçməsi üçün Azərbaycan nə az , nə çox, düz 20 ildən artıq bir yol keçməli oldu. Hansı ki, bu yolun enişi-yoxuşu, daşlı-çınqıllı cığırları da qaldı yaddaşımızda..

Ancaq öncə tarixə baxaraq, ilk dəfə millətin oyanışını, dirçəlməsini, müstəqil, azad olmaq ruhunun pərvazlanmasını nəzərə almalıyıq. Çünki millət olaraq biz bunu dəfələrlə etmişik və öz imzamızı tarixə yaza bilmişik. Bu dəfə də elə oldu. Ziyalısından, dövlət rəsmisindən tutmuş, gəncinə, fəhləsinə kimi hər kəs müstəqillliyimiz və suverenliyimiz naminə müstəsna xidmətlər göstərdi.

Bəli, 1988-ci ilin noyabrın 17–də üç il sonra çətinliklə qazanacağımız müstəqilliyimizə gedən yola başladıq. Məhz 27 il öncə 17 noyabrda ilk dəfə olaraq üçrəngli bayrağımız Azadlıq meydanında dalğalandı. 18 gün fasiləsiz davam edən mitinq üç il sonra qazanılacaq müstəqilliyimizin təməlini qoydu. 18 oktyabr 1991-ci ildə Azərbaycan öz müstəqilliyini qazandı və müstəqillik haqqında Konstitusiya aktını qəbul etdi. 14 il mütəmadi olaraq 17 noyabr Milli Dirçəliş Günü kimi bayram edildi və həmin gün qeyri-iş günü kimi təqvimə yazıldı.

1992-ci ildən bu günə - yəni 27 ilin Azərbaycanına baxarkən ölkənin istisadi müstəqilliyin siyasi müstəqilliyə necə zamin durduğunun şahidi olduq. Azərbaycanın müstəqil dövləti ilə, müstəqil vətəndaşının birgə vəhdətinin, torpağ uğrunda şəhid olan övladlarımızın, beynəlxalq arenalarda dalğalanan bayrağımızın, 27 ildə kimsəyə boyun əymədən apardığımız siyasətin uğurlarını gördük və bu gündə bunu izləyirik.

Artıq Azərbaycan bir sıra beynəlxalq təşkilatlarda kiminsə kölgəsində olan dövlət kimi deyil, öz dövlətinin sahibi olduğunu sübut edib. Kimsəyə ona quberniya və ya qeyri-rəsmi statuslu dövlət kimi yanaşmasına izn vermir. “Mənim müstəqilliyimə hörmətlə yanaşmalıdır, necə ki, mən hər kəsə hörmətlə yanaşıram”, – deyir.

Ərazisi kiçik, əhalisi az olmasına rəğmən, beynəlxalq arenada olan çəkisi imkan verir ki, Azərbaycana hörmətlə yanaşaraq, onu dəyərləndirsinlər. Bizə isə bu çəkini daha da artırmaq və müstəqilliyimizi qorumaq qalır. Necə deyərlər, oyanışımız daimi, dirçəlişimiz davamlı olsun.