BAKI, 6 oktyabr. TELEQRAF

Nigeriya Hərbi Hava Qüvvələrinə məxsus təyyarə qəzaya uğrayıb, nəticədə göyərtədəki 25 nəfərin hamısı həlak olub.

Teleqraf xəbər verir ki, bu barədə "Associated Press" agentliyi məlumat yayıb.

"ATR-42" təyyarəsi ölkənin iqtisadi paytaxtı Laqosa planlaşdırılmış uçuş həyata keçirirdi. Hərbi Hava Qüvvələrinin məlumatına görə, təyyarədə 20 sərnişin və beş heyət üzvü olub.

Təyyarə radarlardan itib və Nigeriyanın cənubundakı Ondo əyalətinin İqbokoda şəhərindəki dəniz bazasının yaxınlığında çaya düşüb.

Qəzanın səbəbi açıqlanmayıb.

Nigeriya Prezidenti Bola Tinubu ölkədə üç günlük milli matəm elan edib.

ATR-42 təyyarəsi Nigeriya ordusu tərəfindən kəşfiyyat, müşahidə, eləcə də personal və yük daşınması üçün geniş istifadə olunurdu.