BAKI, 13 may. TELEQRAF
BP Özbəkistanın Şimali Üstyurd regionundakı altı blok üzrə hasilatın pay bölgüsü sazişinə (HPBS) qoşulub.
"BP Azerbaijan"dan Teleqraf-a verilən məlumata görə, saziş Boyterak, Terengquduq, Birqori, Xaroy, Qoraqalpoq və Qulboy bloklarını əhatə edir.
Sazişlər Daşkənddə keçirilən “Özbəkistan Neft-Qaz Konfransı 2026” çərçivəsində Özbəkistanın energetika naziri Jurabek Mirzəmahmudov, “Uzbekneftegaz” SC-nin İdarə Heyətinin sədri Abduqani Sanginov, Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf və BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Cio Kristofoli tərəfindən imzalanıb.
BP sazişin mövcud tərəfdaşlarının (SOCAR və “Uzbekneftegaz” SC) hər birindən 20% iştirak payı almaqla bu HPBS-yə ümumilikdə 40% payla qoşulub. BP-nin qoşulmasından sonra HPBS-də iştirak payları belədir: BP– 40%, “Uzbekneftegaz” SC – 30% və SOCAR (operator) – 30%.
Qeyd edək ki, saziş ilkin olaraq 2025-ci il iyul 24-də SOCAR, “Uzbekneftegaz” SC və Özbəkistannın Energetika Nazirliyi arasında imzalanmışdı. Hazırda layihə SOCAR-ın operator olaraq həyata keçirdiyi seysmik tədqiqat işləri ilə ilkin mərhələdədir.