BAKI, 13 may. TELEQRAF

“Qalatasaray”ın futbolçusu Lukas Torreyra İstanbulda hücuma məruz qalıb.

Teleqraf.az xəbər verir ki, hadisə İstanbulun Bəyoğlu rayonunda baş verib.

Məlumata görə, alış-veriş mərkəzindəki kafelərdən birinin qarşısında naməlum şəxs uruqvaylı futbolçunu yumruqla vurub.

Hadisə ilə bağlı əraziyə polis əməkdaşları cəlb olunub. Torreyraya hücum edən Y.Y. adlı 32 yaşlı şəxs hadisə yerindən uzaqlaşmaq üçün mindiyi taksidə saxlanılaraq nəzarətə götürülüb.

Futbolçunun müayinəsi zamanı sol qaşı ilə gözü arasında zədə olduğu müəyyən edilib. Araşdırma zamanı şübhəli şəxsin daha əvvəl “qəsdən xəsarət yetirmə” maddəsi üzrə saxlanıldığı üzə çıxıb.

Lukas Torreyranın həmin şəxsdən şikayətçi olduğu bildirilib.

Polis hadisə zamanı Torreyranın sürücüsü E.S.-nin də tərəfləri ayırmaq məqsədilə Y.Y.-yə yumruq vurduğunu müəyyənləşdirib.