BAKI, 2 iyun. TELEQRAF
Livan rəsmiləri "Hizbullah" hərəkatının İsrailin şimal bölgələrinə raket hücumlarını dayandırmağa razı olduğunu bildiriblər.
Teleqraf xəbər verir ki, bu barədə Livanın ABŞ-dəki səfirliyinin bəyanatında qeyd edilib.
Bəyanata görə, "Hizbullah" ABŞ-nin qarşılıqlı hücumların dayandırılması ilə bağlı təklifini qəbul edib. Razılaşmaya əsasən, İsrail Beyrutun cənub ətraflarına zərbələr endirməkdən imtina edəcək, "Hizbullah" isə İsrailin şimalındakı yəhudi yaşayış məntəqələrini atəşə tutmayacaq.
Sənəddə qeyd olunur ki, əldə edilən atəşkəs razılaşması Livanın bütün ərazisini əhatə edəcək.
Livan tərəfi həmçinin bildirib ki, ABŞ Prezidenti Donald Tramp Vaşinqtondakı Livan səfiri Nada Hammad-Muavvadla əlaqə saxlayaraq İsrailin Baş naziri Benyamin Netanyahunun da təklif olunan atəşkəs planına razılıq verdiyini çatdırıb.
Səfir Nada Hammad-Muavvad təsdiqləyib ki, iyunun 2-3-də Vaşinqtonda Livan və İsrail nümayəndələri arasında danışıqların dördüncü raundu keçiriləcək. Görüşdə əldə olunan irəliləyiş və tərəflər arasında razılaşdırılan məsələlər müzakirə olunacaq.