BAKI, 2 iyun. TELEQRAF
Avropa İttifaqı (Aİ) sığınacaq müraciəti rədd edilmiş miqrantlar üçün deportasiya mərkəzlərinin yaradılması məqsədilə nəzərdən keçirdiyi on ölkə sırasında Qazaxıstan və Özbəkistanı da qiymətləndirir.
Teleqraf xəbər verir ki, bu barədə “Politico” məlumat yayıb.
Aİ öz ərazisinə daxil olmayan 8-10 ölkəyə onların ərazisində Avropada sığınacaq almaq üçün müraciəti rədd edilmiş miqrantların yerləşdirilməsi üçün xüsusi mərkəzlər yaratmağı təklif etməyi planlaşdırır. Qanunsuz miqrantların üçüncü ölkələrə göndərilməsi prosedurunda Aİ-nin tərəfdaşları sırasında Qazaxıstan və Özbəkistan da ola bilər.
Məlumata görə, bu cür mərkəzlərin (“Qayıdış Mərkəzləri” yaradılması üzərində Niderland, Avstriya, Danimarka, Almaniya və Yunanıstan birgə çalışır. Bununla belə, Aİ ölkələri Ruandada yaradılması nəzərdə tutulan deportasiya mərkəzləri ətrafında yaranmış mübahisələr, eləcə də İtaliya ilə Albaniya arasında bağlanmış oxşar sazişə qarşı irəli sürülən hüquqi iddialar səbəbindən mümkün danışıqların iştirakçılarını açıq şəkildə bəyan etməkdən çəkinirlər.
Mart ayında Aİ-nin miqrasiya siyasətini xeyli sərtləşdirən təşəbbüs əvvəlcə Avropa Parlamentinin Vətəndaş Azadlıqları, Ədliyyə və Daxili İşlər Komitəsi tərəfindən, daha sonra isə Avropa Parlamentinin plenar iclasında təsdiqlənib. Mayın sonunda isə Avropa Parlamenti və Aİ dövlətlərinin nümayəndələri qanunsuz miqrantların üçüncü ölkələrdə yerləşdiriləcək deportasiya mərkəzlərinin yaradılması barədə razılığa gəliblər.