BAKI, 2 iyun. TELEQRAF
ABŞ-nin Ayova ştatında baş verən silahlı insident nəticəsində azı yeddi nəfər həlak olub.
Teleqraf xəbər verir ki, hadisə Maskatin şəhərində qeydə alınıb. Hüquq-mühafizə orqanları ilkin olaraq atışmanın ailədaxili münaqişə zəminində baş verdiyini ehtimal edir.
Polisin bildirdiyinə görə, hadisə yerinə gələn əməkdaşlar əvvəlcə dörd nəfərin meyitini aşkarlayıblar. Cinayətdə şübhəli bilinən 52 yaşlı Rayan Makfarland isə hadisə yerindən qaçıb.
Bir müddət sonra o, çay sahilində güllə yarası ilə tapılıb. İstintaqın ilkin versiyasına görə, Makfarland özünə atəş açıb və aldığı xəsarətlərdən ölüb.
Daha sonra polis daha iki nəfərin cəsədini aşkarlayıb. Hüquq-mühafizə orqanlarının məlumatına əsasən, ölənlərin hamısı şübhəli şəxsin qohumları ola bilər.
Hadisənin səbəbləri araşdırılır.