BAKI, 2 iyun. TELEQRAF
ABŞ-nin Milli Aeronavtika və Kosmos Administrasiyası (NASA) "New Glenn" raketinin partlayışından sonra zədələnən start meydançasının bərpasının təxminən iki il davam edə biləcəyini açıqlayıb.
Teleqraf xəbər verir ki, bu barədə NASA-nın rəhbəri Cared Ayzekman Vaşinqtonda keçirilən CNBC CEO Council Summit forumunda bildirib.
Onun sözlərinə görə, Floridadakı Kanaveral burnunda yerləşən kosmodromun start kompleksinin 2028-ci ilə qədər tam bərpası real görünür.
"2028-ci il baxımından onların start meydançasının bərpasının mümkün olduğunu düşünürəm", - deyə Ayzekman vurğulayıb.
NASA rəhbəri qeyd edib ki, qurumun bu sahədə topladığı təcrübə göstərir ki, belə infrastrukturun yenidən qurulması kifayət qədər uzun müddət tələb edir.
"Start meydançasının bərpası çox vaxt aparacaq. Hətta kifayət qədər sürətli işləsəniz belə, bu proses ciddi zaman tələb edir", - deyə o əlavə edib.
Xatırladaq ki, "Blue Origin" şirkətinə məxsus ağır sinifli "New Glenn" raketi güc qurğusunun sınaqları zamanı partlayıb. Şirkətin təsisçisi Ceff Bezos hadisənin səbəbinin hələ müəyyən edilmədiyini bildirib.
"Blue Origin" şirkətinin açıqlamasına görə, sınaqlar zamanı fövqəladə vəziyyət yaranıb, lakin partlayış nəticəsində əməkdaşlardan xəsarət alan olmayıb.
Bundan əvvəl "Politico" qəzeti mənbələrə istinadən yazmışdı ki, partlayış NASA-nın Ay proqramı çərçivəsində "Blue Origin"in planlarını azı bir il gecikdirə bilər. Şirkət "New Glenn" raketi vasitəsilə "Blue Moon" eniş modulunu Ay səthinə çatdırmağı planlaşdırırdı.