BAKI, 2 iyun. TELEQRAF
İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ Prezidenti Donald Trampla telefon danışığında Livanın paytaxtı Beyruta mümkün zərbələr barədə xəbərdarlıq etdiyini açıqlayıb.
Teleqraf xəbər verir ki, bu barədə İsrail hökumətinin mətbuat xidməti məlumat yayıb.
Netanyahunun sözlərinə görə, əgər Livanın "Hizbullah" hərəkatı İsrail ərazisinə raket və digər hücumları dayandırmasa, İsrail Beyrutdakı hədəflərə zərbələr endirəcək.
"Bu axşam Prezident Trampla danışdım və ona bildirdim ki, əgər "Hizbullah" şəhərlərimizə və vətəndaşlarımıza hücumları dayandırmasa, İsrail Beyrutdakı terror hədəflərinə zərbələr endirəcək. Mövqeyimiz dəyişməz olaraq qalır", - deyə İsrailin baş naziri bildirib.
Netanyahu əlavə edib ki, İsrail Ordusunun Livanın cənubunda həyata keçirdiyi əməliyyatlar davam edir. Onun sözlərinə görə, əvvəlcədən elan edilən plana uyğun olaraq Litani çayının cənubunda təhlükəsizlik bufer zonasının yaradılması istiqamətində fəaliyyətlər dayandırılmayacaq.
Qeyd edək ki, iyunun 1-də ABŞ Prezidenti Donald Tramp İsrail və "Hizbullah" rəhbərliyi ilə əldə olunan razılaşma nəticəsində Livanda atəşkəs barədə anlaşma əldə edildiyini açıqlamışdı. Tramp Benyamin Netanyahu ilə telefon danışığından sonra İsrail qoşunlarının Beyruta daxil olmayacağını bildirmişdi.
Bundan əvvəl İranın Tasnim agentliyi İsrailin Livandakı hərbi fəaliyyətinin genişlənməsinə etiraz olaraq Tehranın Vaşinqtonla mesaj mübadiləsini dayandırdığını xəbər vermişdi. Məlumata görə, tərəflər Hörmüz boğazında gəmiçiliyin bərpasını və atəşkəs rejiminin uzadılmasını nəzərdə tutan saziş layihəsi ətrafında fikir mübadiləsi aparırdılar.