BAKI, 2 iyun. TELEQRAF

Çində gənclər arasında tənhalığın artması "yoldaşlıq iqtisadiyyatı" adlandırılan yeni xidmət sektorunun sürətlə böyüməsinə səbəb olub.

Teleqraf xəbər verir ki, bu barədə "Reuters" agentliyinin hazırladığı araşdırmada qeyd olunur.

Məlumata görə, ölkənin müxtəlif şəhərlərində insanlar artıq dağa qalxmaq, səyahət etmək, qaçış etmək və hətta restoranlarda yemək yemək üçün ödənişli yoldaşlar tuturlar. Xidmət göstərən şəxslər müştərilərə həm emosional dəstək verir, həm də praktik kömək göstərirlər.

"Reuters" yazır ki, Çinin dövlət mediasında yer alan hesablamalara əsasən, "yoldaşlıq iqtisadiyyatı"nın həcmi 2025-ci ildə təxminən 500 milyard yuan (74 milyard dollar) təşkil edib.

Ekspertlər bu tendensiyanı Çin şəhərlərində həyat tərzinin dəyişməsi ilə əlaqələndirirlər. Gənclər ailələrindən uzaqda yaşayır, daha uzun iş saatları ilə çalışır və ənənəvi sosial əlaqələri qorumaqda çətinlik çəkirlər. Bu da "emosional istehlak"a tələbi artırır.

Araşdırmada qeyd olunur ki, ölkədə gənclər arasında işsizliyin yüksək səviyyədə qalması çevik məşğulluq formalarının yayılmasına da təsir göstərib. Rəsmi məlumatlara görə, hazırda Çində 200 milyondan çox çevik işçi fəaliyyət göstərir.

Şandun əyalətində dağ yürüşləri üzrə müşayiət xidməti göstərən şirkətin qurucusu Çen Venşin bildirib ki, artan tələbi görərək bu sahədə fəaliyyətə başlayıb. Onun sözlərinə görə, şirkətdə çalışanların sayı bir neçə il ərzində 10 nəfərdən 370 nəfərə yüksəlib. Şirkət Tayşan dağına gündüz yürüşləri üçün müştərilərdən 800 yuan (təxminən 116 dollar) ödəniş alır.

Psixoterapevt Sami Vonq isə hesab edir ki, ödənişli yoldaş xidmətlərinin populyarlığı insanların sosial münasibətlərdə qeyri-müəyyənlikdən qaçmaq istəyi ilə bağlıdır.

"Yeni insanlarla tanış olmaq emosional enerji və vaxt tələb edir, nəticəsi isə əvvəlcədən məlum olmur. Ödənişli xidmətlərdə isə müştəri hər zaman müsbət cavab alacağına əmin olur", - deyə o bildirib.

24 yaşlı tələbə Tan Tsünsin də səyahət yoldaşı kimi fəaliyyət göstərərək ayda 3-5 min yuan gəlir əldə etdiyini bildirib. Onun sözlərinə görə, müştərilərinin əksəriyyəti qadınlardır və əsas gözləntiləri emosional rahatlıq və təhlükəsizlik hissidir.