BAKI, 2 iyun. TELEQRAF
Fransanın "Marsel" futbol klubu maliyyə problemləri səbəbindən avrokuboklardan kənarlaşdırılmaq təhlükəsi ilə üz-üzə qalıb.
Teleqraf xəbər verir ki, bu barədə Fransanın "L'Equipe" nəşri məlumat yayıb.
Mənbənin bildirdiyinə görə, klub son bir neçə mövsümdür ciddi maliyyə itkiləri ilə fəaliyyət göstərir. Bu səbəbdən "Marsel" 2022-ci ildə Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) ilə bağlanmış maliyyə tənzimlənməsi sazişinin şərtlərini yerinə yetirməkdə çətinlik çəkir.
Həmin saziş çərçivəsində klub 2 milyon avro məbləğində cərimələnmişdi. Cərimənin 1,7 milyon avroluq hissəsinin ödənişi isə təxirə salınmışdı.
Nəşrin məlumatına görə, maliyyə vəziyyətinin yaxşılaşmaması UEFA tərəfindən əlavə sanksiyalara, o cümlədən komandanın avrokuboklardan uzaqlaşdırılmasına səbəb ola bilər.
Qeyd edək ki, "Marsel" 2025/2026 mövsümündə Fransa çempionatını beşinci pillədə başa vuraraq UEFA Avropa Liqasının əsas mərhələsinə birbaşa vəsiqə qazanıb.