BAKI, 2 iyun. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp İsrailin Baş naziri Benyamin Netanyahu ilə telefon danışığında onun Yaxın Şərqdəki addımlarını sərt şəkildə tənqid edib.

Teleqraf xəbər verir ki, bu barədə "Axios" portalı məlumatlı mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, Tramp Livanda əldə olunmuş atəşkəs razılaşmasının təhlükə altına düşməsindən narahatlığını ifadə edib və Netanyahuya qarşı kəskin ifadələr işlədib.

"Axios"un yazdığına görə, ABŞ Prezidenti İsrailin baş nazirinə əvvəllər göstərdiyi siyasi dəstəyi də xatırladaraq, onun beynəlxalq aləmdə daha da təcrid oluna biləcəyi barədə xəbərdarlıq edib.

Mənbələrin bildirdiyinə görə, Tramp Livana endirilən zərbələr nəticəsində çoxlu sayda mülki şəxsin həlak olmasından və bir neçə "Hizbullah" komandirinin zərərsizləşdirilməsi üçün bütöv binaların dağıdılmasından ciddi narahatlıq keçirib.

Qeyd edək ki, iyunun 1-də ABŞ Prezidenti Donald Tramp İsrail və "Hizbullah" rəhbərliyi ilə Livanda atəşkəs barədə razılıq əldə olunduğunu açıqlamışdı. O, Netanyahu ilə telefon danışığından sonra İsrail qoşunlarının Beyruta göndərilməyəcəyini bildirmişdi.

Bundan əvvəl İranın "Tasnim" agentliyi İsrailin Livandakı hərbi fəaliyyətinin genişlənməsinə etiraz olaraq Tehranın Vaşinqtonla mesaj mübadiləsini dayandırdığını xəbər vermişdi. ABŞ və İran arasında atəşkəs rejiminin uzadılması və Hörmüz boğazında gəmiçiliyin bərpasını nəzərdə tutan mümkün saziş layihəsi ilə bağlı təmasların aparıldığı bildirilir.