Bəşir Səfəroğlu ilə Lütfəli Abdullayevin məşhur bir səhnəsi var. İki dostun sözü çəp gəlir, "vur vurum" deyib kəllələşirlər. Biri deyir - "beldən tutdu yoxdu", o biri deyir - "kəllə vurdu yoxdu", "ayaqdan tutdu yoxdu", "təpik atdı yoxdu". O qədər qadağa sadalayırlar ki, daha davalıq bir zad qalmır. Şərtləri saya-saya kəllə-kəlləyə fırlanıb dururlar. Vur, vurum. Şərtlərsə imkan vermir vurmağa. Təşvişə düşən komediya qəhrəmanlarının çıxılmaz situasiyası... davamlı, qəhqəhəli gülüş. Alqışlar. "Bravo!" sədaları.
Dəstə-dəstə atılan çiçəklər. Səhnədə çıxılmaz situasiyalar bax bu cür inkişaf edib belə nəticələnir - gülüş, qəhqəhə ilə.
***
Həyatda belə olmur. Həyatda Allah eləməmiş, qara zolağa tuş gələn, çıxılmaz situasiyaya düşən kəsə heç göz yaşları da kömək eləmir. İllah da söhbət maddi problemlərə dirənirsə...
***
Maddi sıxıntı keçirən yaxın bir adamıma kömək məqsədilə iş axtarışına baş vururam. Dost-tanışla soraqlaşmaq hələ bir nəticə vermir, hamı "bizdə ixtisar gedir" deyib də yaxasını kənara çəkir. Heç kəsi borclu çıxarmaq da olmur. Bəlkə, düz deyir? Bəlkə, doğrudan, ixtisar var? Bir də daxili optimistliyimə görə hər zaman hər işin düzələcəyinə inandığımdan iş saytlarını incələyirəm. Bəlkə, rastıma bir təklif çıxdı? Bəlkə, kömək edə bildim?
***
70-ci illər Bakısının ən böyük və ən mərkəzi ərzaq dükanını xatırlayanınız varmı? Mənim yadımdadı. Zevin küçəsində yaşayırdıq, o iri dükan da Natəvanın heykəlinin o biri tərəfindəydi, adına prodmaq deyirdilər. Böyüyüncə tez-tez o prodmağa göndərərdilər məni. Prodmaq - "produktovıy maqazin" idi rusun dilində. O vaxt belə əndrəbadi sözlər çox idi, iki müxtəlif sözün ilk hecasını birləşdirməklə hapdan-gopdan söz yaradırdılar - kolxoz, sovxoz, kompartiya. Prodmaq da bu qəbildən idi, qondarma olsa da lap qoca-qoca nənələrin də dilinə yatırdı, ərzaq, yemək və bolluq anlayışlarıyla səsləşirdi deyə. Sonralar adını dəyişdilər - elə sovetin vaxtında dönüb oldu - qastronom. Ruslar fransızlardan götürdükləri bu sözə yeni məna vermişdilər, olmuşdu dükan. İllər keçincə bu söz də çıxdı sıradan, rusun "maqazin"ini "milliləşdirib" "mağaza" elədik. Ta ingilisin mənəvi hegemonluğu şüurlara sahib çıxanadək. İndi alış-veriş gedən yerlərin hamısı dönüb olub market. Və adi market də yox - meqamarket, supermarket, hipermarket. Bölgədə siyasi maraqlar və ideoloji yanaşmalar dəyişincə belə gicələk qalmamaq üçün elə əvvəlcədən türkün ana dilindəki dükandan, baqqaldan birini işlətsək olmazmı ki? Mütləq gərək kiməsə oxşadaq özümüzü? Belə olan halda nə dəyişir ki? Və niyə biz özümüzə oxşamaqdan qorxuruq? Atasını gizlədən Balaş niyə bizim üçün həmişə və hər zaman aktual obrazdı? Allah sənə rəhmət eləsin, ay Cəfər Cabbarlı!
**
Elanlara baxıram - SMM menecer. Nə olan şeydi? Peşə xəstəliyim burada da səhv axtarır - bəlkə, SMS menecerdi? Camaata SMS yazmaq öyrədir? Absurd olsa da, təklifi ətraflı araşdırıram. Yox, orfoqrafiya səhvi deyil, SMM-di, açması "sosial şəbəkələr üzrə mütəxəssis" deməkdi.
Supervayzer - müxtəlif istehsalat və ticarət obyektlərinin fəaliyyətinə nəzarət edən mütəxəssis.
Merçendayzer - alış-verişi stimullaşdıran, piştaxtanı, vitrini bəzəyən əməkdaş.
Kouçer - şirkət əməkdaşlarının şəxsi potensialını araşdıran mütəxəssis.
İmicmeyker - müştəriyə nəyin yaraşdığını müəyyənləşdirən dükan işçisi.
Distribüter - şirkətin mallarının birbaşa satışı və ya satış şəbəkəsi ilə məşğul olan şəxs.
Bayer - xaricdəki sərgilərə gedib bizim dükanlar üçün geyim kolleksiyası seçən əməkdaş.
Kimin kim olduğunu dəqiqləşdirənə qədər beynin də dönür, bütün məlumatlar xurd-xəşil olub qarışır bir-birinə. Niyə axı? Niyə əndrəbadi adlara bu qədər meyilliyik? Məğzinə baxsan hamısı eynidir - satıcı, tacir, alverçi. Amma bər-bəzəyi, təqdimatı göz çıxarır. Bəli, biz buyuq. İtini "Gümüş" adlandıran kasıb-kusub. İşinin də adını dəyişib ha merçendayzer qoy, axır ki, dükanda alver edəsisən də. Təmtərağın mənası nə?
***
Çox da İlhamə Quliyeva elə deyir, bu sahədə yaşın fərqi var, özü də necə. Təklif olunan iş yerləri üçün konkret yaş həddi göstərilir. 23-35, 17-30, 22-37, 23-40. Yəni yaşın qırxı keçibsə, səni işə götürən olmayacaq, yıxıl öl. Lap peşəkar olsan da, işləmək bacarığın, qabiliyyətin, həvəsin və ehtiyacın varsa belə 48 yaşında ikən 78 yaşlı qocaya dönməlisən. Başqa variantın yoxdur. Vəssalam, şüttamam.