
Afaq Vasifqızı
Papağı bildik. Bəs Məlikməmmədi neyləyək? Bəlkə adının üstündən qara xətt çəkək? Necə? Və niyə? Necəsi problem deyil. Zatən belə adlar qadağan olunmuş. Qoşa adlar qoymaq, yəni dünyaya gətirdiyiniz övladınıza 2-3 sözün birləşməsindən əmələ gələn xüsusi isimlərdən ad vermək xeyli vaxtdı yasaqlanıb. Amma tək bununla iş bitməz. Bütün Məmmədləri və bütün Məlikləri qadağan etmək gərək. Necə? Və niyə?
***
“Necə?” sualı barədə çox düşünüb də baş sındırmayın. Bu işin praktikada həlli var. Dünyanı mat qoyan Şimali Koreya rəhbəri günün birində ya özlərinin “Tarixi-Nadiri”ni oxuyub, ya yatıb nə yuxu görübsə yadına düşüb ki, keçmişdə ölkə başçısının adı ancaq özünə aid olarmış. Bizim Şəbnəm Tapdıqova kimi. Adam demir ki, Şəbnəm ilk Şəbnəm mənəm? Biz ha gülək, ha məsxərəyə qoyaq, adam elə deyir, dediyinə də adı kmi əmindi ki, ondan başqa Şəbnəm olmayıb. Ya guya olsa nə olacaqmış ki? Amma bu sual artıq tamam başqa söhbətin mövzusudu. Əl-qərəz, Şimali Koreya rəhbəri Kim Çen İn adını necə özəlləşdirbsə, ölkədə bir bəni-insanın övladına bu adı qoymaq icazəsi yox. Çen İn adı – hər kəs üçün tabu. Olmaz, vəssalam. Yenilər olmur olmasın, nə problem deyəcəksiz? Yox, bununla bəs deməyb. Adam ölkəsindəki cəmi Çem İnlərin adını dəyişməsi barədə qərar verib. Bir qərar da bu ki, oğul-uşaq sahibi olanlar indən belə birbaşa dövlət idarələrinə üz tutacaqlar ki, bəs biz doğduq, adını siz verin, taleyini yaradan. Dövlət öz təbəələrinə özü ad seçəcək, necə istəsə elə adlandıracaq. Cürətin var dinlən...
Yeri gəlmişkən, insan haqları və söz azadlığı lə məşğul olan beynəlxalq qurumlar elə həmin Şimali Koreyayla bağlı qəribə bir aksiya keçirmək fikrinə düşüblər. Azadlıq aşiqləri ölkə sərhədlərindən içəri hava şarları uçuracaqlar. Nə səbəbə? Xüsusi qazla şişirdilmiş hər şara məşhur “Müsahibə” filminin diskləri bərkidiləcək. Havaya qalxan minlərlə şar sərhədi rahatca keçib ölkə səmasında uçub-uçub nə zamansa yerə düşəcək. Bu halda həmin disklərin adi adamların əlinə keçə biləcəyi ehtimal olunur.
Hərçənd ölkədə izahı və tərifi olmayan bir diktatura var ki, ağıllarına gəlsə, hava şarlarına qarşı da mübarizə tədbirləri görə bilərlər. Azadlıq carçlarının bu aksiyasının səbəbini anladınız yəqin. Bu, həmin Hollivud filmidir ki, Şimali Koreya hadisələrini əks etdirdiyinə görə o ölkədə göstərilməsi yasaqlanıb. “Şar hücumu”nun nə dərəcədə effekt verəcəyi bəlli olmasa da hər halda bu da bir cəhddir – insanların söz azadlığını təmin etmək cəhdi. Yeri gəlmişkən, “Müsahibə”ya baxmamısınızsa mütləq baxın.
***
Bu Şimali Koreya əhli haradan düşdü yadıma? Hə, ad dəyişmək məsələsindən. Bizim alimlərin son elmi qərarından sonra ağlıma gələn bu oldu ki, Məlikməmmədin dərsini verək, getsin işinin dalınca. Necə? Əvvəl adını ləğv edək ki, xatirələrdən silinsin, adının tərkibindəki adları da ləğv edək ki, ümumiyyətlə heç izi-tozu qalmasın. Bu oldu bayaqkı “necə?” sualının cavabı. Yaxşı bəs niyə? Çünki!
Başını sığallaya-sığallaya yuxarı keçirdiyimiz Məlikməmməd ki var, mazoxistin yekəsidi. Görün bir nədən zövq alır? Barmağını kəsib üstünə duz basır. Qan tökmək, sonra da yaranı duzla “cızzz” eləmək buna ləzzət eləyir. Daha nə? Quyuya düşən qardaşları odda yanan kimi imdad diləyib geri dönür, bu yaramazsa hamıdan fərqlənmək fikrinə düşür. “Amandı, vay yandım deyib bağırsam da, məni çəkib çıxarmayın”, - xahişilə atəşdə yanmağa gedir. Mazoxist deyil, bəs nədir? Kim bilir bəlkə erməni təcavüzünə tuş gəlməyimiz, qaçqınlıq taleyi yaşamağımız yaramaz Məlikməmmədin yüz illər boyu alt şüurumuza göstərdiyi təpkiylə bağlıdır. Ona baxa-baxa düşünmüşük ki, elə dözmək lazımdır?
Necə olub ki, AMEA-nın Novruzda papaqatma ənənəsilə mübarizə aparan əməkdaşı Atəş Əhmədli Məlikməmməd kimi “ziyanlı” personajı yaddan çıxarıb? İdeyanı mən verdim, həllini Atəş müəllim özü tapsın. Alim adamdı, papaqla mübarizə kimi ciddi işlə məşğuldu, növbəti mərhələdə qoy Məlikməmmədlə ilgilənsin. Kənardan baxanlar da elə bilsin elm yapır. Əsas görüntü yaratmaqdı. Bəs necə?