
Olmuş hadisədi. Hörmətli həmkarlarımdan biri danışıb. Əldəqayırma (yəni pul hesabına başqasına kitab yazdırıb öz adına çap etdirən) yazarlardan (deməyin ki, belələrini tanımırsınız) birilə dialoqunu olduğu kimi söylədi mənə:
- Belə də haqsızlıq olar? Bəs bu qədər kitabın çıxıb, Nobeli demirəm, hələ tezdi, heç olmasa Şnobel mükafatı verərdilər sənə. Oralarda adam tapmaq lazımdı, tapaq?
- Hə, qadası, gör neynəyirsən. Sənin əlin çox yerə çatır. Haqq-hesabı nədirsə, verərəm. Sən demiş Nobel olmur, heç olmasa Şnobel olsun.
"Yazar"la məzələnən jurnalist dostum da qayıdıb ki, narahat olma, bu işə mən bir əncam çəkərəm. Deyir, o şöhrət xəstəsi həftə səkkiz mən doqquz zəng eləyib Şnobelin taleyilə maraqlanır. Hələ Şnobelin həvəsinə nə qədər desəz qonaqlıq-filan verməyə də hazırdı binəva. Bilmir axı. Bilsə ki? Şnobel antimükafatdı, eləməz.
***
Elə çox bəlalar da, vallah, bilməzlikdən irəli gəlir. Gözəl, yaraşıqlı xanımdı. Allahdan bir ovuc istedad payı da var. Deyir musiqinin əsaslarını Arif Məlikov kimi as sənətkardan öyrənib. Bir vaxt imtahandan kəsilibmiş, yanında iki körpəsi Arif müəllimə müraciət edib. Deyib oxumaq istəyirəm. Sağ olsun maestro. Kömək edib, bir il dərslərinə gəlməsinə icazə verib. Növbəti il Elza konservatoriyaya daxil olub.
Belə bir nəhəng bazası varsa, Elza Seyidcahan musiqini bilməmiş deyil və bilir də. Sənət aləminə gələndə ifalarıyla yanaşı, bəstələrini də təqdim eləmişdi, hamımızın yadındadı. Orijinal, maraqlı, fərqli. Molla Pənah Vaqifin sözlərinə yazdığı "Toya gələn oynasın" əsərini (bu, doğrudan, adi mahnı deyil, əsərdi) xalq artisti Brilliant Dadaşova yüksək səviyyədə ifa etdi, Elza Seyidcahan bu əsərlə bəstəkar kimi özünü təsdiq elədi. Amma müğənni kimi də fəaliyyət göstərdi, bəyənildi, özünəxas yerini tapdı.
Bildi ki, fərqlidi, orijinaldı, sıradan biri deyil, ona görə musiqi yaradıcılığına da fərqli yanaşdı. Hamı toy biznesilə məşğul olanda Elza konsert işinə qol qoydu. İl-ildən inkişaf etdi, daha maraqlı proqramlar hazırladı. Şəhərin ən istedadlı musiqiçilərini başına yığıb uğurlu konsertlər verdi. İnsafən uğurlu idi konsertləri. Dalbadal eyni məkanda iki-üç gün konsert verdiyi də oldu, nə usandı, nə yoruldu, bacardığını sərgilədi, bəyənənlər alqışladı, bəyənməyənlər sadəcə susdular. Qıcıq yaratmadı çünki. Müğənnidi, bəstəkardı, konsert verir, versin də, niyə ki yox.
***
Balaca hekayələrin böyük ustadı Anton Çexov deyib ki, istedadlı adam hər işi istedadla görür. Çexov böyük yazıçı olsa da, dedikləri Quran ayəsi deyil ki, hər kəsə hər zaman şamil oluna.
***
Mən jurnalistəm. Yüz ildi işim yazı yazmaqdı. Məqalələr, oçerklər, müsahibələr, reportajlar, köşələr, ssenarilər, daha nələr-nələr. Amma mənim üstümə ilan da salsalar, rejissorluq eləmərəm. Çox sadə məntiqə görə - mən rejissor deyiləm. Rejissura bir sənətdi, və tamam başqa sənətdi, söz işi deyil, bu işin öz xiridarları nə qədər desəz. Bilmədiyim işi niyə görüm ki?!
***
Görünür, bizim Elza Seyidcahan da Çexovun istedadla bağlı söylədiyi məşhur kəlamı eşidib və klassikin bu fikrinə çox, həm də lap çox aludə olub, günün birində başlayıb şeir yazmağa. Xub, kim nə deyə bilər - bu, hər kəsin şəxsi işidir, yazır yazsın. Zatən bu millətə şair xalq damğasını çoxdan vurublar.
***
Elzanın şeir yazması deyil problem. Adamın özünün şairlik iddiası-filanı da yox. Yazır, düşündüklərini nəzmə çəkir, hissini, duyğusunu sərgiləyir. Problem bu fakta olan münasibətdədir. İki münasibət diqqətimi çəkib, ikisi də pis, düzgün olmayan, qüsurlu. 1. ATV-nin "Gündəlik" verilişinin aparıcısı Mətanət Elzadan şeir deməsini xahiş etdi. Müğənni şeir dedikcə aparıcının çöhrəsindəki ironiyanı, lağ-lağı, dolamaq tərzini görsəniz, ürəyiniz ağrıyardı. 2. Azərbaycan Kütləvi İnformasiya Vasitələri İşçilərinin Rəyasət Heyəti Elza Seyidcahana "İlin şairəsi" fəxri media mükafatı təqdim etdi. "İlin şairəsi" nə demək? Əcəba, budamı ironiya, budamı lağ-lağı? Diplomun üzərində isə Azərbaycan hərbi və milli bayrağımızın rəsmi.
***
Heç bir halda adamı dolamaq olmaz.
***
1906-cı ildə Lev Tolstoya Nobel mükafatı veriləndə yazıçı bu mükafatdan imtina edib.
***
Qriboyedovun "Ağıldan bəla"sını yada salın. Çatskinin məşhur "Hakimlər kimdir ki?" ifadəsi yenə aktualdı. Kütləvi İnformasiya Vasitələri İşçilərinin Rəyasət Heyəti kimi qurumların mükafat vermək ixtiyarı əlindən alınsa, Elza Seyidcahan nə qıcıq, nə qınaq qazanacaq. Günah onda deyil ki. Günah ona "ədəbi yaradıcılıq və poeziya sahəsində qazandığı nailiyyətlərə görə "İlin şairəsi" media mükafatını iltifatla təqdim" edənlərdədi. Diplomun üzərində elə belə də yazılıb - İLTİFATLA. Lütfünə şükür, pərvərdigara!