Hər kəs bu günlərdə Lamiyədən danışır, Lamiyədən yazır.
4 saylı cəzaçəkmə müəssisəsində dünyaya uşaq gətirən gənc qadın dillərdən düşmür.
Tez-tez onu da eşidirik ki, deyirlər: “Bu, əsl romanlıq mövzudur”.
Odur ki, bu mövzunu sırf yazıçı müşahidəsi, analizi, empatiyası və təxəyyülü ilə qələmə alıram.
Əgər Lamiyədən roman yazası olsaydım, mütləq bu detallar üzərindən yürüyərdim və doğrusu, vaxtım olsa, yazardım da...
Çünki bunca gündəmdə olan bir qadının həyatını romanlaşdırmaq və kitab şəklində çıxarmaq böyük oxucu kütləsini hazır əldə etmək deməkdir.
Əlbəttə, mətbuatda və sosial şəbəkələrdə ona qarşı belə böyük marağın yaranması və davam etməsi təsadüfi deyil.
Əvvəla, Lamiyə Quliyeva məhkəmənin hökmü ilə təsdiqlənmiş fakta görə, bir qatildir.
Sonrası, o, bu qətli təcavüzə məruz qalmasından və bu üzdən nişanlısı ilə münasibətləri pozulandan sonra törədib.
Dahası, onun qətlə yetirdiyi şəxs sıradan biri olmayıb, indi vəzifə başında olmasa da, Azərbaycanın tanınmış məmurlarından birinin- Aslan Aslanovun oğludur.
Üstəlik, Lamiyə Quliyeva 2003-cü ildə törətdiyi qətlə görə hazırda azadlıqda olmalı olsa da, cəzası artırılıb və iddialara görə, onun hələ də məhbəsdə qalmasında məlum şəxsin qərəzi var.
Bundan savayı, cazibədar məhbus qadın həbsxanada rəsmi nikahı olmadan uşaq dünyaya gətirib. Rəsmi nikahı olmadığından o, penitensiar qayda-qanunlara görə, əks cinslə məhrəm münasibət qurmaq hüququna malik deyil, bu məqsədlə görüş vaxtı ala bilməzdi.
Nəhəyət, ötən ilin oktyabrında dünyaya gələn və “Sahib” adı qoyulmuş uşağın atasının kimliyi hələ də üzə çıxmayıb.
Bütün bu faktlar və detallar fonunda Lamiyə müəmmalı şəxsə çevrilib və qeyd edilməlidir ki, artıq cəmiyyətdə ona qarşı bir mərhəmət və simpatiya var.
Gəlin o yüksək iradəli və risqli ananı hələlik yenidən cücərmiş azadlığa çıxmaq ümidləri, körpəsi və haqqında başlanan hüquqi araşdırmalarla baş-başa qoyub Türkiyəyə yollanaq.
Türkiyədə bir mafiya babası var, ismi Sedat Peker.
Sedat Peker 2008-cü ildə mütəşəkkil cinayətkar dəstə qurmaqda və soyğunçuluqda təqsirləndirildiyi üçün məhbəsdə idi.
Sedat Peker sıradan bir kriminal qrup lideri deyildi, milliyyətçi cizgiyə könül vermiş bu gənc adam yeraltı dünyanın ikinci Abdullah Çatlısı sayılırdı.
Fəqət, 2008-ci ilin dekabrında Türkiyə mediası bir xəbərlə çalxalandı.
Cəza evində saxlanıldığı və Türkiyə qanunlarına görə, məhbusların hətta rəsmən nikahda olduğu şəxslərlə belə cinsi əlaqəyə girməsi qadağan olduğu halda, Sedat Pekerin sevgilisi hamilə idi.
Doğulacaq körpənin atası Sedatdı. Pekerin üstündə 14 il iş vardı, 2007-ci ildə tutulmuşdu.
İşin ilginc yanı, Sedatın arvadı onun həm də vəkili idi- Özgə Yılmaz.
Dərhal bu məsələ Türkiyə hüquq-mühafizə orqanlarının diqqətini cəlb etdi. Araşdırmalar başlandı, kütləvi informasiya vasitələrinin iddiası özünü doğrultmadı.
Özgə hamilə deyildi!
Ancaq Özgə Yılmaz Sedat Pekerden övlad dünyaya gətirdi. O, elə həbsdə olduğu müddətdə- 2014-cü ildə.
Zira o zamana qədər Türkiyədə qanunlar dəyişdirilmiş, evli şəxslərə yoldaşları ilə görüşə bilmək üçün “pəmbə odalar” ayrılmışdı.
Bu olayı danışmaqda məqsədim diqqətinizi vəkil faktoruna çəkməkdir.
Yox, mən qətiyyən və əsla onu demək istəmirəm ki, 2013-cü ildən bəri Lamiyənin vəkili olan Fəxrəddin Mehdizadədir onun uşağının atası.
Fəxrəddin Mehdizadə yaşlı adamdır, üstəlik, xarakter etibarı ilə bu cür risqə gedəcək biri də deyil.
Ona da xeyli dərəcədə əminəm ki, Lamiyə Quliyeva saxlanıldığı kolonda hər hansı cinsi təcavüzə məruz qalmayıb, üstəlik, müəssisənin keçmiş, yaxud indiki rəhbərliyində olan kişilərdən hər hansı biri çıxmayacaq uşağın atası.
Bu ehtimalı ona görə irəli sürürəm ki, məsələ belə olsaydı, onun uşağı dünyaya gətirməsinə imkan verilməzdi. Qadın abort da edilə bilərdi, uşaq saldırıla da, lap elə zor gücünə!
Lamiyənin Aslan Aslanovun təhriki ilə cinsi təcavüzə məruz qoyulması da inandırıcı deyil. Çünki Aslan Aslanov kimi təcrübəli adam ona işgəncə vermək məqsədi ilə bu addımı atmazdı ona görə ki, 16 yaşından həbsxanada olan və azadlığa çıxmaq ümidi kəsilmiş bir qadına kişi göndərmək əslində onun ruhuna, eqosuna, orqanizminə xidmətdir.
Deməli, biz o ehtimala daha çox üstünlük vermək zorundayıq ki, uşaq dünyaya gətirmək Lamiyənin həm könüllü, həm də şüurlu seçimi olub.
Lamiyənin bu seçimi etməsindəki könüllülük amilini şərtləndirən motivlər bəllidir: gəncdir, ehtiraslıdır, ana olmaq istəyir... bütün bunlar təbii və normaldır.
Ancaq hər şeydən görünür ki, bu uşağın dünyaya gəlməsində bir zəka faktoru da var. Sanki hər şey diqqət çəkməyə, mərhəmət oyandırmağa, azadlığa çıxmağa hesablanıb.
Başa düşürük, Lamiyə Penitensiar xidməti, Ombudsman Aparatını, Prokurorluq orqanlarını doğduğu uşağın atasını axtarmağa vadar edəcək qədər cəsurdur.
Amma bu onun öz ağlı, öz planıdırmı?
Bütövlükdə Penitensiar Xidmətin nüfuzuna xələl gətirmədən qeyd etmək lazımdır ki, bu məsələnin ortaya çıxması 4 saylı cəzaçəkmə müəssisəsində, yaxud Lamiyənin məhbus həyatı yaşadığı digər hər hansı saxlanma qurumunda yol verilmiş, səbəbini dartışmadan yumşaq desək, bir görəv səhlənkarlığının nəticəsidir.
Ona da ümid etmək olar ki, Penitensiar Xidmətin təhqiqatçıları, Respublika Prokurorluğunun müstəntiqləri bu müəmmanı tezliklə açacaqlar. Hər halda, uşaq oktyabrda dünyaya gəlibsə, Lamiyənin hamilə qala biləcəyi zaman kəsimində- 2014-cü ilin yanvar-fevral aylarında harada saxlanıldığını, kimlərlə görüşdüyünü və görüşə biləcəyini tapmaq o qədər də çətin iş deyil.
Onu da arzu edirik ki, Lamiyə də, onun keçmiş nişanlısı Vüqar da tezliklə azadlığa çıxsınlar.
Hər şeydən görünür ki, Lamiyə azadlığa doğru gedir və bu da yuxarıda qoyulan sualı bir daha aktuallaşdırır: bütün bunlar onun öz planı idimi?
Axı bütün hallarda bu planın reallaşması üçün bir partyor da lazım idi?!. Qapalı və bir-iki nəfər xaric, əkc- cinsin nümayəndələri olmayan ortamda o partnyor hər halda Lamiyəni ya tanıyan, ya da təcrid şəraitdə tanımaq imkanı olan şəxs olar bilər.
Onun keçmiş nişanlısı Vüqar Əliyevin vəkili Adəm Məmmədov deyir: “Bu məsələdə qisasçılıq da var, ülvi hisslər də...”
Adəm Məmmədov onu da deyir ki, Lamiyənin uşağının atası olduğu güman edilən şəxs bir zamanlar ona qarşı sifariş yerinə yetirib, ancaq sonradan sevgi hissləri yaranıb.
Əgər mən Lamiyədən roman yazsaydım, kulminasiyanı məhz bu cür qurardım:
Bir zamanlar gənc və qatil bir qıza qarşı qarşı olan şəxsdə illər sonra vicdan oyanması baş verir. Onlar görüşürlər və hətta aralarında sevgi yaranır. Penitensiar xidmət məmurlarından biri onların izdivacına imkan yaradır və məhbus qadın hamilə qalır. Hamilə qaldığını fərq edəndə vəkili ilə görüşür, vəkil ona bətnindəki körpəni qorumağı, bunu həbsxanada, yaxud azadlıqda olan partnyorundan gizlətməyi, uşağı dünyaya gətirməyi məsləhət görür...
Bəs, vəkil bu məsələdə nə qədər səmimidir?
O doğrudan da Lamiyənin azadlığa çıxması üçünmü bunu edir, yoxsa Penitensiar xidmətdə kimlərisə zərbə altında qoymaq üçün?
Bu sual bu gün, zənnimcə, eynən Lamiyənin uşağının atasının kimliyi qədər məchuldur.
Mən bir yazar kimi təkcə vəkil yox, həm də Milli Şuranın üzvü olan Fəxrəddin Mehdizadənin əsas qayəsinə hələ cavab tapmamışam...