Milli Məclisin son iclaslarının birində deputat, parlamentin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov yol polisinin onu saxlamasını, tanımamasını və hətta deputat vəsiqəsini göstərərkən “ondan hamıda var” deyə savadsız və zəkasız davrandığını açıqladı.

Eldar müəllim ona qarşı sərgilənən sayğısızlıq və nəzakətsizlik fonunda emosiyaya qapılıb həmin polis serjantını “dana” adlandırdı.

Dərhal mətbuatda və sosial şəbəkələrdə bu deyim ağızdan-ağıza düşdü və Eldar İbrahimovun bütün polis sistemini təhqir etdiyi söylənildi.

Halbuki, millət vəkili bu kəliməni bütün yol polislərinin ünvanına yox, konkret situasiyada rastına çıxmış və İQ əmsalı hər baxımdan aşağı olduğu anlaşılan serjant haqqında söyləmişdi.

Millət vəkilinin ağzından, Anadaolu türkləri demiş, “talihsiz” bir söz çıxmışdı, çünki İQ səviyyəsindən, vəzifəsindən və rütbəsindən asılı olmayaraq heç bir insan aşağılanmağa layiq deyil.

Ancaq parlament həm də emosional bir ortamdır və bu ortamın emosionallığını nəzərə alıb bir çox inkişaf etmiş ölkələrdə deputatların nəinki “dana” ifadəsi işlətməsini, hətta daha ağır söyüşlər söyməsini, yumruqlaşmasının üstündən keçirlər.

Fikrimcə, Eldar müəllimin bu sözünün də üstündən keçmək lazımdır. Birincisi, ona görə ki, Eldar İbrahimov sadəcə, parlamentin deyil, bütovlükdə Azərbaycan siyasətinin ən ağır, vacib və təcrübəli fiqurlarından biridir. İkincisi o səbəbə görə ki, “Yeni Müsavat”dan Sevinc Telmanqızına verdiyi müsahibədə Aqrar siyasət Komitəsinin sədri “mənə yaraşmazdı ki, o söz ağzımdan çıxsın“ deyə emosiyaya qapıldığının fərqində olduğunu nümayiş etdirib.


Deputatın Milli Məclisdə səsləndirdiyi, həm də konkret şəxsin adını çəkmədən səsləndirdiyi bir neqativ söz nə parlamentin etika məsələlərinə baxan qrupunda, nə də məhkəmə instansiyasında dartışma mövzusu ola bilməz. Səbəb- deputat toxunulmazdır!

“Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” qanuna görə, deputatın toxunulmazlığı həm də onun əmlakına şamil edir.

Üstəlik, Konstitusiyamızın 90-cı maddəsinə görə, deputatın toxunulmazlığı onun mənzilinin, əşyalarının, şəxsi və xidməti nəqliyyat vasitələrinin, istifadə etdiyi rabitə vasitələrinin, ona məxsus sənədlərin, yazışmaların toxunulmazlığını da əhatə edir.

Eldar İbrahimov ağsaqqal və nüfuzlu adamdır, onun avtomobillə qayda-qanuna, cəmiyyətə, o cümlədən hərəkət qaydalarının tənzimləyən xidmət personalına sayğısız davranacağını yəqin ki heç birimiz təsəvvür etmirik.

Bundan əlavə, “Deputatın statusu haqqında” qanunun 33-cü maddəsinə görə, deputatın səlahiyyətlərinin, toxunulmazlığının və təhlükəsizliyinin pozulmasına görə məsuliyyət də nəzərdə tutulur.

Bu isə o deməkdir ki, Eldar İbrahimov kimi samballı bir adam istəsəydi öz nüfuzundan və səlahiyyətlərindən istifadə edib həmin serjantı paqonlarından məhrum da etdirə bilərdi, amma bunun əvəzində dövlət ərkanına sayğı göstərilməsi, insanlarla mədəni rəftar edilməsi üçün maarifləndirici tədbir görülməsi haqqında məsələ qaldırır.

Elə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov da bildirir ki, bu yöndə yol polislərinə müfaviq təlimatlar verilir.

Amma bu təlimatlardan nəticə çıxarmayan, polisin səlahiyyət və vəzifələrini doğru anlamayan, sistemin nüfuzuna xələl gətirən şəxslər də olur ki, Daxili İşlər Nazirliyinin rəhbərliyi zaman-zaman onları orqandan kənarlaşdırır.

Zira, məni düşündürən başqa bir məsələ var.

Bildiyiniz və az öncə də dediyimiz kimi, Eldar İbrahimov illərin deputatıdır, parlamentdə komitə sədridir, iqtisadiyyat üzrə elmlər doktorudur. Bu söhbətdən bir qədər öncə onun “Arqar islahatların bəhrəsi” adlı geniş bir yazısı dərc olunmuşdu. Həmin yazıda müəllif ölkədə aparılan aqrar islahatlara və onun nəticələrinə konseptual bir baxış sərgiləyir, quruculuğunda iştirak etdiyi və rəhbərliyində təmsil oldunduğu hakim partiyanın mövqeyindən çıxış edirdi.

Pəki, nədən bunca ciddi yazı mətbuatda, siyasi partiyalar arasında, dəyirmi masalarda müzakirə olunmadı da, hamımız hər bir insan kimi onun da düşə biləcəyi hiddətli bir vəziyyətdə səsləndirdiyi “dana”nın quyruğundan yapışdıq?

Mənim təklifim odur ki, gəlin, Eldar müəllimin məhz həmin yazısını müzakirə edək.
Görək ki, ölkədə əkinçiliyin, maldarlığın, balıqçılığın inkişaf dinamikası necədir və mövcud vəziyyəti daha irəli aparmaq üçün nələr etmək olar?

Əgər sualı belə qoysaq, mütləq və mütləq Eldar İbrahimovu arayacaq, onun bilik və təcrübəsinə ehtiyac duyacağıq.