BAKI, 26 iyul. TELEQRAF

Suriya Prezidenti Əhməd əş-Şaraa ölkəsinin İsraillə hərbi qarşıdurmada maraqlı olmadığını və təhlükəsizlik razılaşmasına nail olmaq üçün diplomatik səylərin davam etdiyini bildirib.

Teleqraf xəbər verir ki, bu barədə o, “Al Jazeera” telekanalına müsahibəsində danışıb.

Əş-Şaraa bildirib ki, Dəməşq regionda hərbi eskalasiyadan narahatdır və dost ölkələrin vasitəçiliyi ilə İsraillə təhlükəsizlik məsələləri üzrə razılaşma əldə olunması istiqamətində çalışır. Onun sözlərinə görə, belə bir saziş Yaxın Şərqdə hərtərəfli sülhə yol aça bilər.

Suriya Prezidenti vurğulayıb ki, ölkəsi 1967-ci ildən İsrailin nəzarətində olan Golan təpələri üzərindəki hüquqlarından imtina etməyəcək.

Qeyd edək ki, BMT-nin Baş katibi Antonio Quterreş iyulun 25-də Dəməşqə səfərinin yekununda təşkilatın Golan təpələrini Suriyanın ərazisi kimi tanıdığını və İsrailin demilitarizasiya zonasına müdaxilələrini pislədiyini bəyan edib. Bundan əvvəl Suriya Xarici İşlər Nazirliyi də İsrailin cənub bölgələrində keçirdiyi əməliyyatlarla bağlı BMT Təhlükəsizlik Şurasına etiraz məktubu göndərmişdi.