BAKI, 21 yanvar. TELEQRAF

“SDQ adlı təşkilat heç bir müsbət addım atmadı, (Suriya ordusuna inteqrasiyaya dair) 10 mart razılaşmasına əməl etmədiyi kimi, işğal etdiyi ərazilərdə həm dinc sakinlər, həm də hərbçilərə hücum etməyə davam etdi”.

Teleqraf xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“SDQ adlı təşkilatın mövqeyi barışmaz idi. Bütün tərəflərə zəruri təşviqlər etdik. Böhran isti toqquşmaya çevrilməsin deyə hər cür səyləri göstərdik. Amma SDQ-nin mövqeyində heç bir dəyişiklik olmadı. Suriya ordusu yanvarın ikinci həftəsində son dərəcə haqlı və qanuni şəkildə əməliyyatlar həyata keçirdi.

Bir daha xatırlatmaq istəyirəm: Türkiyə əvvəldən bütün ərazi bütövlüyü qorunan və siyasi birliyi olan vahid Suriya dövlətinin mövcudluğunu ən güclü şəkildə müdafiə edir. Türkiyənin cənub sərhədlərində ölkəmizin təhlükəsizliyinə təhdid yarada biləcək separatçı quruma razılıq verməyəcəyimizi dəfələrlə bəyan etmişik. Sərhədimizdə separatçı quruma razılıq verə bilmərik. Suriya ordusunu uğurlu əməliyyatlarına görə və qardaş Suriya xalqını ürəkdən təbrik edirəm”, - o vurğulayıb.