BAKI, 24 noyabr. TELEQRAF

“İran Prezidenti Məsud Pezeşkianın Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmana göndərdiyi məktubun məzmunu tamamilə adi bir yazışmadır, ancaq Həcc mövzusuna aiddir”.

Teleqraf xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi deyib.

Diplomatın sözlərinə görə, bu məktubda danışıqlara dair heç bir məsələ yer almayıb.

“Əsassız ehtimalların açıq şəkildə yanlış olduqları bildirildiyi halda iddiaların irəli sürülməsində israr etmək, milli maraqların təmininə heç bir fayda vermir”.

Noyabrın 23-də İran parlamentinin keçmiş deputatı Mustafa Kavakebian söyləmişdi ki, Məsud Pezeşkian tərəfindən Məhəmməd bin Salmana İranın ABŞ ilə danışıqlara hazır olduğuna dair bir məktub göndərilib. Siyasətçinin fikrincə, bin Salman məktubu ABŞ Prezidenti Donald Trampa çatdırıb və bu, İranın Ali dini rəhbəri Əli Xameneinin icazəsi ilə göndərilib.

“Reuters” də iki məlumatlı mənbəyə istinadla yazmışdı ki, Məsud Pezeşkian Məhəmməd bin Salmana göndərdiyi məktubda ondan Donald Trampı nüvə danışıqlarının bərpasına razı salmağa kömək etməsini xahiş edib.