BAKI, 28 oktyabr. TELEQRAF
“Təkrar seçkilərin keçirilməsinin qarşısını almaq üçün bütün səylər göstərilməlidir”.
Teleqraf xəbər verir ki, bunu İsrail Prezidenti İsxaq Hersoq parlament seçkilərinin ilkin nəticələrini şərh edərkən deyib.
Prezident deputatların və siyasi partiyaların danışıqlara açıq fikirlə yanaşacaqlarını gözlədiyini bildirib.
Hersoq dünən keçirilən seçkilərdə İsrail cəmiyyətinin yüksək fəallığını “diqqətçəkən” adlandıraraq, son bir neçə onillikdə belə iştirak səviyyəsinin qeydə alınmadığını qeyd edib. Onun sözlərinə görə, bu iştirak cəmiyyətdə demokratiya istəyinin nə qədər əhəmiyyətli olduğunu göstərir.
İsrail Prezidenti gələn həftə seçkilərin rəsmi nəticələrini alacağını və bundan sonra müxtəlif partiyalarla məsləhətləşmələrə başlayacağını açıqlayıb.
İsxaq Hersoq əlavə edib ki, bu mərhələdə hər bir fraksiya ilə ayrı-ayrılıqda görüşəcək, suallar veriləcək və hökumətin formalaşdırılması ilə bağlı danışıqlar aparılacaq.
İsraildə keçirilən parlament seçkilərinin ilkin nəticələrə əsasən, Baş nazir Benyamin Netanyahunun bloku 53, sabiq Baş Qərargah rəisi Qadi Ayzenkotun bloku 48, ərəb partiyaları isə 19 mandat əldə edib.
İki əsas blokdan heç biri hökumət qurmaq üçün tələb olunan 61 mandat həddinə hələ çatmayıb. Bu halda İsrailin gələcək hökumətinin taleyi koalisiya danışıqlarından asılıdır.