BAKI, 30 oktyabr. TELEQRAF

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, kimya elmləri üzrə fəlsəfə doktoru Rüfət Əzizov Teleqraf İnformasiya Agentliyinin suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik.

"İşlək olmayan struktur-bölmələri ləğv etməkdən çəkinməməliyik"

- Rüfət bəy, 2025-ci ildə bu universitetə rektor təyin olunmusunuz. Hər yeni rəhbərlik təmsil etdiyi quruma müəyyən yeniliklər və dəyişikliklər gətirir. Sizin rektor təyin olunmağınızdan sonra burada hansı əsas dəyişikliklər həyata keçirilib?

- Azərbaycan Dövlət Neft və Sənaye Universiteti ölkəmizin mühəndislik və tətbiqi elmlər sahəsindəki aparıcı rol oynamış köklü bir təhsil ocağıdır. Ölkə başçısı tərəfindən göstərilən böyük etimadı doğrultmaq üçün bütün potensialımız ilə çalışırıq. İlk olaraq mövcud resurslarımızdan, akademik və inzibati heyətimizin potensialından daha səmərəli necə faydalana bilərik sualına cavab tapmağa çalışdıq. Yəni daha çox mövcud strukturun və resursların səmərəli istifadəsini təmin etməyə çalışırıq.

Optimallaşdırma və səmərəliləşdirmə fəaliyyətlərini həyata keçirərkən ali dəyərləri rəhbər tuturuq. Tələbələrlə münasibətdə, işə qəbulda, tədrisdə, elmin inkişafında və beynəlxalq əməkdaşlıqda əsas prinsiplərimiz ədalətlilik və şəffaflıqdır. İkinci vacib prinsipimiz peşəkar yanaşma və peşəkarlara üstünlüyün verilməsidir. Düşünürəm istənilən qərarvermə prosesində dəyərlər və peşəkarlıq əsas götürülərsə, uğurlu olmaq ehtimalı daha yüksək olur.

Yeniliklərə gəlincə, biz qərara gəldik ki, fraqmental yeniliklər və uğurlar davamlılığı təmin edə bilməz, ona görə fəaliyyətlər müəyyən strategiyadan irəli gəlməlidir. İlk olaraq 5 illik strateji inkişaf planının hazırlanmasına fokuslandıq. Hazırda hər bir addımımızı strateji inkişaf planı əsasında hazırlanmış illik fəaliyyət planına uyğun atırıq.

Digər işimiz universitetdə bütün fəaliyyətlərlə bağlı hesabatlılığın təmin olunması idi. İşlərin görülməsi, nəticələrlə bağlı hesabatların hazırlanması və nəticəyönümlü fəaliyyətin təmin edilməsi bizim üçün əsas hədəflərdən biridir. Məsələn, nəticəsi olmayan tədbir və ya layihə həyata keçirilməməlidir, fəaliyyətsiz şöbə, struktur-bölmə və ya vəzifə öhdəliyi bilinməyən əməkdaş olmamalıdır.

- İndiyə qədər var idimi?

- Fikrimcə, ümumiyyətlə, universitetlər çox konservativ yerlərdir. Bilirsiniz, bizlər həmişə məsələn universitetdə 30-40 il əvvəl yaradılan, amma indi mahiyyətini itirən və işlək olmayan hansısa laboratoriyanı ləğv etməkdən çəkinmişik. Bununla yanaşı davamlı olaraq da yeniliyə can atmışıq. Yəni istəmişik ki, həm mövcud struktura resurs sərf edək, həm də burada yenilik edək. Amma başa düşməliyik ki, bunların hamısı birbaşa maliyyə tələb edir.

Bu baxımdan yenilik etməzdən əvvəl səmərəliliyin artırılması ilə bağlı müəyyən işlər gördük. Struktur dəyişikliyimiz oldu: kafedralarımızda və fakültələrimizdə birləşmələr və ayrılmalar həyata keçirildi, dövrün ehtiyaclarına uyğun addımlar atıldı. Artıq işə qəbul prosesimiz tamamilə strukturlaşdırılıb, bununla bağlı qaydalarımız mövcuddur.

Tələbələr üçün çox geniş imkanlar yaradılıb, mübadilə proqramlarımız həyata keçirilir. Bu il 160 tələbəmiz 12 ölkənin nüfuzlu universitetlərinə bir semestrlik mübadilə proqramlarına göndərilib. Bununla yanaşı universitetimizə əcnəbi tələbələrin cəlb olunması istiqamətində də işlər aparılır. Bir sözlə, yenilik mövcud imkanları səmərələşdirməkdən, resurslardan daha yaxşı istifadə etməkdən və tədricən müəyyən addımlar atmaqdan ibarətdir. Hər addımı plan və strategiya əsasında edirik. Çalışırıq ki, yalnız nəticəyönümlü işlər görək.

“Karyeramın əsas hissəsi neft-qaz sənayesində olub, ordan təhsil sahəsinə heç kimi gətirə bilməmişəm”

- Bəzi rəhbərlərin vaxtilə birlikdə çalışdıqları şəxsləri yenidən öz komandalarına cəlb etdikləri müşahidə olunur. Bəs sizin rəhbərlik etdiyiniz ali təhsil müəssisəsində kadr seçimi hansı prinsiplər əsasında aparılır?

- Öncə qeyd edim ki, mən yalnız son 6 ildir təhsil sahəsində çalışıram. Karyeramın 15 ili neft-qaz, kimya, metallurgiya və digər sənaye sektorlarında keçib. Təhsilə gələndə, demək olar ki, hamı mənim üçün yeni sima idi. Sənayedən təhsil sahəsinə heç kimi gətirməmişəm. Çünki neft-qaz sənayesindən bu sahəyə keçmək istəyənlər çox azdır, bunun da əsas səbəbi sənayedə əməkhaqlarının yüksək olmasıdır. Komandamızdakı əməkdaşları isə son bir neçə ildə daha yaxından tanımışam və tanımağa davam edirəm. Yəni, “öz adamların özü ilə gətirdi” yanaşması olmayıb, ola da bilməzdi. Kadr siyasətimizdə əsas prinsip peşəkarlıq və ali dəyərlərdir. Birincisi, əməkdaş öz işini mükəmməl bilməlidir. İkincisi isə onun dəyərləri yerində olmalıdır. Bu iki meyar bizim üçün əsasdır.

Universitetimizdə əsasən daxili kadrlara üstünlük verməyə çalışırıq. Müəllim heyəti arasında potensialı yüksək olan, lakin uzun müddət özünü göstərmək imkanı qazanmayan gəncləri tapıb üzə çıxarmaq əsas hədəfimizdir. Misallara gəlsək, rektor olduğum dövrdə dörd prorektor təyin edilib. Onlardan yalnız biri ilə əvvəllər cəmi 6 ay çalışmışıq. Digər iki prorektor isə universitetin öz əməkdaşları arasından təyin edilib. Bu yaxınlarda iqtisadi məsələlər üzrə təyin olunan yeni prorektor universitetimizin məzunudur, burada bakalavr və magistr təhsili alıb. Mən əvvəllər onların heç biri ilə bir yerdə işləməmişəm. Yəni rəhbər vəzifəyə gələn şəxsin öz köhnə komandasını gətirməsi kimi bir prinsipimiz yoxdur.

Biz anlayırıq ki, bu universitetdə çalışan insanların böyük əməyi var və ilk növbədə onları qiymətləndirməliyik. Əgər universitet daxilində uyğun kadr olmasa kənardan mütəxəssis axtarmaq olar. Hazırda kafedra müdirlərinin 80 faizi yenidir. Onların da demək olar ki, hamısı bu universitetin yetirmələridir.

“Son bir il ərzində universitetin inzibati heyətindən 74 nəfərin vəzifəsi yüksəldilib"

- Sizinlə çalışan əməkdaş hansı dəyərlərə sahib olmalıdır?

- Burada idarəetmədə şəffaflıq, əməkdaşlarla sağlam münasibətlər və etik normalara riayət nəzərdə tutulur. Onu da qeyd edim ki, universitetimizdə işə qəbul yalnız müsabiqə əsasında həyata keçirilir. Başqa bir yol yoxdur. Son bir il ərzində universitetin inzibati heyətindən 74 nəfərin vəzifəsi yüksəldilib. Bundan əlavə, akademik sahə üzrə, yəni professor-müəllim heyətinə 154 nəfər yeni işə qəbul həyata keçirilib.

Hazırda universitetimizdə çalışan təxminən 650 müəllimdən 93-ü xaricdə təhsil alıb. Onların arasında xaricdə doktorantura təhsilini başa vurmuş, dissertasiya müdafiə etmiş nüfuzlu ali məktəblərin məzunu olan gənc kadrlar var. Biz onları xüsusi proqram çərçivəsində cəlb edirik.

Müəllimlərlə bağlı həyata keçirdiyimiz digər tədbir isə təlimlərdir. Son bir ildə 319 əməkdaşımız təlimlərdə iştirak edib. Bu həm universitet daxilində təşkil olunur, həm də kənarda. Məsələn, müəllimlərimizi Türkiyədəki Orta Doğu Texniki Universitetinə göndəririk ki, laboratoriyalar və digər praktiki məsələlərlə bağlı təcrübələrini artırsınlar.

Kadrların seçimi və inkişafı bizim üçün prioritetdir. Müəllimlərimizin orta yaşı 51-dir. Heyətimizdə həm 35 yaşlı gənclər, həm də 70+ yaşlı təcrübəli professorlar var. İnzibati heyətin orta yaşı isə 46-dır. Yəni, bir növ, inzibati komandanın orta yaşı rektorun yaşına bərabərdir. (gülür)

“İlk gündən mövqeyimiz budur: tələbəyə təhsil vermək üçün mövcuduq”

- Maraqlıdır ki, rektor kimi gün ərzində əsasən hansı məsələlərlə məşğul olursunuz? Vaxtınız daha çox tələbələrə, müəllimlərə, yoxsa inzibati məsələlərə sərf olunur?

- Universitetdə ilk gündən belə bir mövqe ortaya qoyduq ki, bu müəssisə tələbəyə təhsil vermək üçün mövcuddur, müəllimi işlə təmin etmək üçün deyil. Universitetin əsas məqsədi öyrətmək, müəllim heyətinin vəzifəsi bu prosesi reallaşdırmaqdır. Yəni burada hər şeyin mərkəzində tələbə dayanır.

Gün ərzində, əlbəttə ki, vaxtımız daha çox müxtəlif inzibati və sənədləşmə işlərinə sərf olunur. Amma bu işlərin gecikməsi və ya ümumiyyətlə həyata keçirilməməsi yenə də tələbəyə təsir göstərir.

“Gün ərzində tələbələrdən 150-200-dən çox mesaj gəlir”

- Tələbə sizin qəbulunuza gəlmək istəyirsə, sizinlə birbaşa görüşə bilirmi? Onların müraciətlərini şəxsən dinləyir, problemlərinə vaxt ayırırsınızmı?

- Tələbə birbaşa rektorun qəbuluna gəlirsə, bu o deməkdir ki, inzibati heyət – fakültə və müvafiq şöbə işləmir. Biz bu məsələyə daha sistemli yanaşırıq. İlk atdığımız addımlardan biri Təhsilalanlarla iş şöbəsinin yaradılması oldu. Tapşırığımıza əsasən tələbələrin problemləri ilk növbədə fakültə və kafedralarda həll olunmalıdır.

Məsələ düzəlməyəndə yaxud tələbənin maraqlı layihəsi, təşəbbüsü və ya müəllimdən şikayəti olduqda, onlar həmin şöbəyə müraciət edirlər. Əməkdaşlarımız daxil olan müraciətləri operativ şəkildə araşdırır, həllinə çalışır.

Digər tərəfdən, mən bütün sosial şəbəkələrdə varam və tələbələrlə aktiv ünsiyyətdəyəm. “LinkedIn”, “Instagram”, “Facebook” üzərindən gün ərzində mənə 150-200-dən çox mesaj gəlir. Vaxt tapan kimi onların 80 faizini şəxsən cavablandırmağa çalışıram.

- Əsasən hansı mövzularda müraciətlər daxil olur? Narazılıqlar daha çox nə ilə bağlıdır?

- Müraciətlər müxtəlifdir. Müəllimlərlə bağlı şikayətlər olan kimi həmin məsələlər yerindəcə araşdırılır. Bundan başqa, kompüterlərin texniki vəziyyəti, xaricə tələbə mübadiləsi proqramları və təqaüdlərin gecikməsi ilə bağlı müraciətlər üstünlük təşkil edir. Təkcə şikayətlər yox, suallar da ünvanlanır.

Məsələn, biz tələbələrin xarici ölkələrə mübadiləsini təşkil etməyə başlamışıq. Tələbələr soruşurlar ki, “Filan ixtisas üzrə mübadilə var, bəs niyə bizim ixtisas üzrə yoxdur?”, “Gələn dəfə bu ixtisas üzrə də mübadilə olacaqmı?” Bəzən tələbələrin diplomlarının gecikməsi və digər məsələlərlə bağlı müraciətlər olur. Universitetimizdə 20 min tələbə təhsil alır və onların hamısına eyni vaxtda mükəmməl xidmət göstərmək asan deyil. Hər gün müəyyən qaydalar yenilənir, yeni əməkdaşlar işə başlayır. Amma biz çalışırıq ki, heç bir sualı cavabsız qoymayaq.

“20-dən artıq yeni laboratoriya yaradılacaq”

- Məlumdur ki, universitetinizdə əsasən mühəndislik ixtisasları tədris olunur. Aydındır ki, təkcə ənənəvi mühazirələrlə, yəni kitabla mühəndis yetişdirmək mümkün deyil. Tələbələrin praktiki biliklərinin artırılması və istehsalata yönəldilməsi üçün hansı işlər görülür?

- Siz tamamilə doğru vurğulayırsınız. Bizim əsas üstünlüklərimizdən biri sənaye ilə qurulan sıx əlaqələrdir. Ölkə iqtisadiyyatının əsasən neft-qaz sənayesi ilə bağlı olması tarixən hasilat, emal və müxtəlif məhsulların hazırlanması sahəsində güclü əməkdaşlığa zəmin yaradıb. 106 illik tariximiz ərzində məzunlarımızın sayı 150 mindən çoxdur. Bu gün hara getsəniz, onlarla qarşılaşacaqsınız. Məhz bu geniş əlaqələr bizə tələbələrimiz üçün təcrübə yerləri təmin etmək imkanı yaradır. Bu sahədə tam uğurlu olduğumuz deməzdim, amma davamlı çalışırıq.

Bu məqsədlə Təcrübələrin təşkili şöbəsi, eləcə də Karyera və məzunlarla iş mərkəzi fəaliyyət göstərir. Məqsədimiz mövcud imkanları müəyyənləşdirmək, tələbələri bu barədə məlumatlandırmaq, onları uyğun müəssisələrə yönləndirmək və şirkətlərlə müqavilələr bağlamaqdır. Gördüyümüz işlərin mühüm bir hissəsi tələbələrin işlə təmin olunmasına hesablanıb. Biz müasir standartlara uyğun təhsil verməliyik ki, şirkətlər də bu kadrları qəbul etsinlər.

Praktik bazanı gücləndirmək üçün təmir işləri nəzərdə tutulur. 20-dən artıq yeni laboratoriyanın istifadəyə verilməsini planlaşdırırıq. Bunlar neft-kimya, kimya, üzvi kimya, geologiya, neft-qaz, mexanika, elektronika, kompüter mühəndisliyi və kompüter elmləri sahələrini əhatə edəcək.

“O iddialara gəlincə…”

- Zaman-zaman rəhbər vəzifələrdə çalışan şəxslərlə bağlı müxtəlif iddialar və müzakirələr gündəmə gəlir. Sizinlə bağlı da yaxın zamanda Dövlət İmtahan Mərkəzinin sədri olacağınız barədə məlumat yayılmışdı. Bu iddialara münasibətiniz necədir? Gələcək karyeranızla bağlı belə bir planınız varmı?

- Son beş təhsildə üç fərqli rəhbər vəzifələrdə çalışmışam, bu böyük etimaddır. Əvvəl Təhsil İnstitutunun direktoru, sonra Sumqayıt Dövlət Universitetinin rektoru olmuşam, hazırda isə ADNSU-nun rektoruyam. Etimad göstərilən yerdə etimadı doğrultmağa çalışırıq. Mühəndislik keçmişimi və elmi fəaliyyətimi nəzərə alsaq, ADNSU-da olmaq qürurludur və hazırda bütün gücümü universitetin inkişafına sərf etməyə çalışıram.

Dövlət İmtahan Mərkəzinin sədri olacağımla bağlı iddialara gəlincə, bunu mən də mediadan oxudum və başqa heç bir məlumat yoxdur. DİM ölkəmizin şəffaf və yüksək səviyyədə təşkil olunmuş qurumlarından biridir. Bizim bu mərkəzlə çox sıx əməkdaşlığımız var, istənilən problemlərimizə çox operativ reaksiya verirlər və həll yolu tapa bilirlər.

“Zəif tələbələrdən imtina etməməliyik"

- 600 və ya daha yüksək bal toplayan bir gənc ixtisas seçimi ilə bağlı sizə müraciət edərsə, ona universitetinizin hansı üç ixtisasını tövsiyə edərdiniz və niyə?

- Azərbaycan Dövlət Neft və Sənaye Universiteti köklü və böyük universitetdir. Belə universitetlərin cəmiyyətə və əmək bazarına təsiri də miqyasına görə fərqlənir. İldə 200 məzun buraxan ali məktəbə, 4000 məzun verən universitetin məsuliyyəti eyni ola bilməz. Biz hər bir tələbəni qəbul edib öyrətməyi bacarmalıyıq. Düzdür, qəbul ballarımız kifayət qədər yüksəkdir, lakin biz yalnız 600 ballıq tələbəyə fokuslanmamalıyıq, 300 bal toplayan gəncə də hazır olmalıyıq. Bizim üçün əsas meyar qəbul olan tələbənin ilkin balı yox, zəif olsa belə, onu universitetdə yaxşı öyrədib yetişdirməkdir.

Mən 600-dən çox bal toplayan güclü tələbələrə qarşılarına elmlə məşğul olmaq, alim olmaq məqsədi qoymağı məsləhət görərdim. Çünki ölkəyə həm bu gün, həm də yaxın 10-20 ildə çoxlu sayda alim lazımdır və bu istiqamətdə mühüm mexanizmlər qurulmalıdır.

Universitetin məqsədi təkcə əmək bazarı üçün işçi hazırlamaq deyil, həm də yeni tədqiqatlar aparmaq və innovativ məhsullar ortaya qoymaqdır. İqtisadiyyatımızın neft sektorundan qeyri-neft sektoruna doğru inkişafı üçün daha çox texnologiyaya və elmi araşdırmalara ehtiyacımız var. Keyfiyyətli tədqiqatlar aparmaq üçün savadlı insanları bu sahəyə cəlb etməliyik. Düşünürəm ki, qarşıdakı illərdə alimlərə tələbat artacaq və onlara yüksək əməkhaqqı təklif ediləcək.

Yüksək bal toplayan tələbələr arasından yaxşı alimlər yetişə bilər. Ona görə də həmin tələbələrə universitetimizdə kimya mühəndisliyi, neft-kimya, kompüter elmləri, informasiya texnologiyaları, eləcə də sənayenin bütün sahələrində ehtiyac duyulan mexanika və elektronika mühəndisliyi istiqamətlərində ciddi elmi tədqiqatlara yönəlməyi tövsiyə edirəm.

- Tələbələrin sosial problemlərindən biri də yaşayış yeri məsələsidir. Xüsusilə bölgələrdən Bakıya təhsil almaq üçün gələn gənclər üçün yataqxana əhəmiyyətlidir. ADNSU-da hazırda yataqxana ilə təminat vəziyyəti necədir? Tələbələrin yataqxana ehtiyacının tam qarşılanması üçün hansı işlər görülür və gələcəkdə bu istiqamətdə yeni layihələr nəzərdə tutulurmu?

- Sovet dövründən qalan yataqxanamızda uzun müddət məcburi köçkünlər məskunlaşmışdı. Onlar köçürüldükdən sonra binanın mövcud vəziyyətini nəzərə alaraq, təhlükəsizlik məqsədilə yataqxananı bağladıq. Hazırda təmirə hazırlıq işləri gedir. Amma açıq danışmaq lazımdır ki, bunun üçün müəyyən maliyyə imkanları olmalıdır. Hesablamalarımıza görə, müasir dövrün tələblərinə uyğun tələbə yataqxanası qurmaq üçün hər tələbəyə ayda ən azı 100 manat xərc çəkilməlidir ki, bu da ildə 1200 manat edir. Müqayisə üçün deyim ki, dövlət sifarişi ilə təhsil alan bir tələbə üçün universitetə 2700 manat vəsait ayrılır. Bu vəsaitin böyük hissəsini yataqxanaya yönəltsək tədrisin təşkilinə 1500 manat qalır. Mövcud vəziyyətdə yataqxananı universitetin büdcəsi hesabına saxlamaq iqtisadi cəhətdən çətindir. Tələbədən isə yüksək məbləğdə ödəniş tələb etmək çətindir. Hazırda optimal modellər üzərində düşünürük. Onlardan biri özəl şirkətlərlə dövlət arasında tərəfdaşlıq modelidir.

"Biz reytinqə düşmək naminə işləməməliyik, öz strategiyamız var"

- Azərbaycan ali təhsil müəssisələrinin beynəlxalq reytinqlərdəki mövqeyi ilə bağlı da danışmağınızı istərdim. Bu statistika tez-tez açıqlanır. ADNSU-nun da adını ön sıralarda görürük. Siz bu nəticələri necə qiymətləndirirsiniz və daha da irəli getmək üçün hansı addımların atılması nəzərdə tutulur?

- Beynəlxalq reytinqlərə diqqət yetirmək lazımdır. Onların arasında ən nüfuzlularından biri QS reytinqidir və bu bizim strateji hədəflərimizlə üst-üstə düşür.

Şəxsən mənim üçün reytinq hədəf deyil, ora düşmək naminə işləməməliyik. Öz strategiyamız var, universitetimizin inkişaf planı tədrisin keyfiyyəti, elmi inkişaf, beynəlxalq əməkdaşlıq, sənaye ilə əlaqələr də daxil olmaqla, altı əsas istiqaməti əhatə edir.

Azərbaycan universitetlərinin son illərdəki inkişaf dinamikası çox sürətlidir. Bir neçə il əvvəl dünyanın ilk 1000-liyində cəmi bir universitetimiz yer alırdısa, hazırda bu göstərici əhəmiyyətli dərəcədə artıb. ADNSU olaraq iki il əvvəl dünya reytinqində 1150-ci yerdə idiksə, indi 711-ci pilləyə yüksəlmişik. İki il ərzində təxminən 400 pillə irəliləmək böyük göstəricidir. Hesab edirəm ki, universitetlərimizin real potensialı daha yüksəkdir və sistemli fəaliyyət nəticəsində daha yaxşı nəticələr əldə edəcəyik.

“MİQ imtahanı ilə bağlı bu fikirlərin heç bir real əsası yoxdur”

- Qeyd etdiyiniz kimi, bir neçə il Təhsil İnstitutuna rəhbərlik etmisiniz. MİQ imtahanı ətrafındakı müzakirələrə münasibətinizi bilmək maraqlıdır. Belə iddialar da səslənir ki, bu prosesdə özəl kurslar nəzarəti ələ alıb, test tapşırıqlarının hazırlanmasına həmin kursların məsul şəxsləri cəlb olunub. Bu iddialarla nə dərəcədə razılaşırsınız?

- MİQ ümumi təhsildə müəllimlərin işə qəbulu üçün tətbiq olunan şəffaf və ədalətli alətdir. Əlbəttə, hər bir alət kimi MİQ-in də məzmunu və təkmilləşdirilməsi ətrafında müzakirələr aparıla bilər və bu normaldır. İmtahanın necə təşkil olunmalı olduğunu müəyyənləşdirən qaydalar, sənədlər, tələblər var, eyni zamanda məzmunla bağlı çərçivə sənədi var. Bu məsələ ilə maraqlanan müəllimlər də həmin sənədlərlə tanış ola bilərlər.

Özəl kursların və ya fərdlərin prosesə təsir etməsi kimi iddialara gəlincə, bu fikirlərin heç bir real əsası yoxdur. Çünkü ortada çox dəqiq və artıq illərlə sınanmış bir sistem var, sualların tərtibi, məxfilik, bazanın formalaşması, imtahan modelləri, müxtəlif riyazi hesablamalar və alqoritmlər böyük bir systemin hissəsidir. İstənilən prosesdə işlək sistem olanda, fərdi təsirlər aradan qalxmış olur.

Ümumiyyətlə, idarəetmədə belə bir qayda var: əgər böyük və real iş görürsənsə tənqidlərin və müzakirələrin olması qaçılmazdır. Bunlardan qaçmağın yeganə yolu heç bir iş görməməkdir. Ona görə davamlı iddiaların və müzakirələrin olması normaldır.