BAKI, 29 oktyabr. TELEQRAF

“Ortaq tariximizin köklü irsi və birgə gələcəyimizi formalaşdırmaq iradəmiz ən güclü ifadəsini türk dünyasının birliyində tapir”.

Teleqraf xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Türk dünyasının əsri: həmrəylikdən inteqrasiyaya” adlı məqaləsində bildirib.

Dövlət başçısı qeyd edib ki, qardaş xalqlar əsrlər ərzində müxtəlif coğrafiyalarda çoxsaylı sınaqlardan keçiblər:

“Onları bir-birinə bağlayan könül körpülərinə bu gün Türk Dövlətləri Təşkilatı daxilində siyasi, humanitar, iqtisadi və mədəni həmrəyliyimizin möhkəm bünövrəsi kimi söykənirik. Hamımız tarixi məsuliyyət daşıyırıq: türk dünyasının böyük potensialını ortaq məqsədlər üçün səfərbər etməli, konkret nailiyyətlərlə birliyimizi möhkəmləndirməli və gələcək nəsillərə daha güclü türk dünyası qoyub getməliyik.

Türk Dövlətləri Təşkilatının 13-cü Zirvə görüşünü Ankarada “Türk əsri: dildə, fikirdə, işdə birlik” mövzusunda keçirəcəyik. Bu görüşə xüsusi əhəmiyyət verirəm: o, ortaq iradəmizi daha da möhkəmləndirəcək. Zirvədə növbəti dövr üçün Təşkilata sədrliyi əziz Azərbaycandan təhvil alacağıq. Bu vəzifəyə türk dünyasının ortaq hədəflərinə çatması və Təşkilatımızın institusional baxımdan güclənməsi üçün üzərimizə düşən tarixi məsuliyyət kimi baxıram”.

Ərdoğan vurğulayıb ki, ortaq tariximizin və mədəniyyətimizin verdiyi güc sayəsində təməli Naxçıvanda qoyulmuş təşkilatımızın təsir imkanları hər gün genişlənir:

“Artıq elə bir mərhələyə çatmışıq ki, qardaşlığımızı gələcək nəsillərə daşıyacaq güclü institutlarla möhkəmləndirməli, layihələr həyata keçirərək ortaq iradəmizi davamlı nailiyyətlərə çevirməliyik.

Köklü dəyişikliklər dünya siyasətini yenidən formalaşdırır. Beynəlxalq sistem ədalət və etimad yaratmaqda çətinlik çəkir, müharibələr və böhranlar isə geniş əraziləri əhatə edir. Belə bir dövrdə türk dövlətləri üçün həmrəylik strateji zərurətdir. Ən ağır sınaqları aşmağa və öz gələcəklərini müəyyənləşdirməyə ortaq iradə ətrafında sıx birləşən türk dövlətlərinin gücü çatır. Birliyimizi hər bir qardaş ölkənin suverenliyini, müstəqilliyini və milli iradəsini uca tutaraq qururuq. Bu birliyi ortaq dəyərlərimizlə yanaşı, qarşılıqlı etimad və maraqlar üzərində yüksəldəcəyik”.

Türkiyə lideri vurğulayıb ki, qarşıdakı dövrdə təşkilatın xüsusi həssaslıqla yanaşmalı olduğu başlıca məsələlərdən biri türk dünyasında iqtisadi inteqrasiyanın təmin edilməsidir:

“Bunun üçün tarixi fürsəti Xəzərdən keçən Şərq-Qərb Orta Dəhlizi yaradır. Bu gün Asiya ilə Avropa arasındakı ticarət yenidən formalaşır. Belə bir şəraitdə qlobal nəqliyyat və logistika şəbəkələrinin mühüm mərkəzlərindən biri olmaq imkanı türk coğrafiyasının qarşısında açılır. İnkişaf etdirdiyimiz vahid sistemdə dəmir yollarımız, limanlarımız, avtomobil yolu bağlantılarımız və gömrük sistemlərimiz bir-birini tamamlayır. Qardaş ölkələrimiz arasında ticarətin artmasına və ortaq rifahımıza Xəzərin iki sahilini bağlayan hər bir sərmayə öz töhfəsini verəcək.

Türk İnvestisiya Fondunun imkanlarından daha səmərəli yararlanmaqla bu məqsədə doğru irəliləyəcəyik. Ölkələrimiz arasındakı ticarət maneələrini birgə səylə aradan qaldıracaq, istehsalda və sərmayə qoyuluşunda qarşılıqlı olaraq gücümüzü artıracağıq. Enerji ehtiyatlarımızın, bərpa olunan enerji potensialımızın və rabitə infrastrukturumuzun ortaq hədəflərə maksimum səmərə ilə xidmət etməsini təmin edəcəyik. İstehsal, ticarət və texnologiya sahələrində nailiyyətlərimizi birlikdə artırmaq üçün türk dünyasının bütün guşələrindəki imkanları eyni istiqamətə yönəldəcəyik”.