BAKI, 28 oktyabr. TELEQRAF
İsraildə keçirilən parlament seçkilərindən sonra bülletenlərin 57,3 faizi hesablanıb.
Teleqraf xəbər verir ki, Mərkəzi Seçki Komissiyasının açıqladığı ilkin nəticələrə əsasən, Benyamin Netanyahunu dəstəkləyən blok 55, Ayzenkotun bloku isə 49 mandat əldə edib.
“Channel 12” Benyamin Netanyahunun rəhbərlik etdiyi “Likud” blokunun cüzi fərqlə, 52-49 hesabı ilə üstünlük qazanacağını proqnozlaşdırsa da, 120 yerlik Knessetdə hökumət çoxluğu üçün tələb olunan 61 mandatı heç bir blokun əldə edəcəyi gözlənilmir.
Azlıq hökumətinin formalaşdırılması nəzəri cəhətdən mümkün olsa da, blokların heç birinin bu varianta üstünlük verəcəyi ehtimal edilmir. Çünki bu, ərəb partiyalarının rəsmi olaraq bitərəf qalsalar belə, faktiki dəstəyinə arxalanmağı tələb edərdi.
Səslərin hesablanması davam etdikcə açıqlanan nəticələr də tərəflərdən heç birinə 120 yerlik Knessetdə hökumət qurmaq üçün lazım olan 61 mandatı təmin etməyib.
“Israel Hayom”un yazdığına görə, hazırkı durum dalana dirənmiş Netanyahunun xeyrinə nəticələnə bilər. O, koalisiya danışıqları uzandığı müddətdə və ya yeni seçkilər keçirilənədək müvəqqəti baş nazir kimi vəzifəsində qala bilər.
İki əsas bloka qoşulmayan ərəb partiyaları hökumətin formalaşdırılmasında həlledici rol oynaya bilər. Amma “Yaşar” partiyasının lideri Qadi Ayzenkot ərəb partiyaları ilə birlikdə hökumət qurmaq ehtimalını böyük ölçüdə rədd edib.
***
09:55
İsrail Mərkəzi Seçki Komissiyası tərəfindən dərc edilən ilkin nəticələrə görə, Baş nazir Benyamin Netanyahunun bloku 56, sabiq Baş Qərargah rəisi Qadi Ayzenkotun rəhbərlik etdiyi müxalif “Yaşar” bloku isə 49 mandat qazanıb.
Teleqraf xəbər verir ki, bülletenlərin 55,4 faizi sayılıb.
***
09:50
İsrail Mərkəzi Seçki Komissiyasının parlament seçkilərinə dair açıqladığı ilkin nəticələrə əsasən, Baş nazir Benyamin Netanyahunun rəhbərlik etdiyi blok 55, müxalif blok isə 50 mandat qazanıb.
Teleqraf xəbər verir ki, artıq bülletenlərin 53,7 faizinin hesablandığı bildirilib.
Nəticələr ilkin xarakter daşıyır və səslərin hesablanması davam etdikcə dəyişə bilər.