BAKI, 29 oktyabr. TELEQRAF

Son sutka ərzində Hörmüz boğazının icazə verilməyən cənub marşrutu ilə hərəkət edən üç tanker minaya düşərək partlayıb və yanıb.

Teleqraf xəbər verir ki, bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələrinin ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.

Bildirilib ki, tankerlər radar və naviqasiya sistemlərini söndürüblər, xəbərdarlıqlara məhəl qoymayaraq boğazdan qadağan olunmuş marşrutla çıxmağa çalışıblar. Nəticədə gəmilər minalara düşərək partlayıb və boğazın cənub sahillərində tərk edilib.

SEPAH-ın Hərbi Dəniz Qüvvələri həmin marşrutun təhlükəli olduğunu bildirib və bu yolla hərəkətə görə məsuliyyətin gəmi sahibləri və heyət üzvlərinin üzərinə düşdüyünü qeyd edib.

Qurum, həmçinin ABŞ ordusunun dəstəyi ilə Hörmüz boğazından keçid qaydalarının pozulmasına yönələn hər hansı təxribatçı hərəkətin qətiyyətlə qarşısının alınacağını bəyan edib.