BAKI, 30 oktyabr. TELEQRAF

“Hörmüz boğazı üzərində uçarkən ABŞ-nin hərbi texnikasını görsəm də, SEPAH-ı görə bilmədim”.

Teleqraf xəbər verir ki, bunu ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) komandanı Bred Kuper X sosial şəbəkəsində deyib.

“Hörmüz boğazı üzərində uçarkən neft tankerləri və maye qaz daşıyan gəmilər də daxil olmaqla, onlarla ticarət gəmisi gördüm, amma SEPAH-dan əsər-əlamət yoxdur”, - o bildirib.

Kuper əlavə edib ki, SEPAH onilliklər ərzində Hörmüz boğazında və ətraf sularda patrul xidməti aparıb. Amma onun sözlərinə görə, İran Hərbi Dəniz Qüvvələri bu ilin əvvəlində ABŞ-nin həyata keçirdiyi hücumlar nəticəsində məhv edilib.

CENTCOM komandanı ABŞ qüvvələrinin Hörmüz boğazındakı əsas gəmiçilik marşrutlarını İranın basdırdığı minalardan təmizlədiyini və bölgədə ticarət gəmilərinin təhlükəsizliyini təmin etmək üçün fəaliyyətini davam etdirdiyini vurğulayıb.

O qeyd edib ki, ABŞ İran limanlarını blokadaya almaqla ölkənin neft ixracının qarşısını alıb və yay aylarından bəri Bəsrə körfəzindəki tərəfdaşlarına 1,5 milyard bareldən çox xam neftin ixracına kömək edib.