BAKI, 30 oktyabr. TELEQRAF
İspaniyanın “Real Madrid” klubunun qapıçısı Tibo Kurtua komanda tarixində ən çox oyun keçirən üçüncü qolkiper ola bilər.
Teleqraf “Marca”ya istinadən xəbər verir ki, belçikalı qolkiper bazar günü “Rasinq”lə qarşılaşmada meydana çıxacağı təqdirdə Madrid təmsilçisinin heyətində 346-cı matçını keçirəcək.
Bununla da o, klubun sabiq qapıçısı Migel Anhelin göstəricisini təkrarlayacaq.
Bu siyahıda Kurtuadan yalnız Pako Buyo (454 oyun) və İker Kasilyas (725 oyun) öndədir.
2018-ci ildən “Real Madrid”də çıxış edən 34 yaşlı qolkiperin klubla müqaviləsinin 2028-ci ilədək uzadılması gözlənilir. Lakin Kasilyasın 725 oyunluq rekordunu yeniləməsi çətin görünür.
Qeyd edək ki, Kurtua “Real Madrid”lə iki dəfə UEFA Çempionlar Liqasının, dörd dəfə İspaniya çempionatının qalibi olub. Belçikalı qapıçı “Atletiko Madrid”, “Çelsi” və “Genk” klublarında da çıxış edib.