BAKI, 30 oktyabr. TELEQRAF

Azərbaycan və Gürcüstan dövlət sərhədinin müəyyənləşdirilməsi ilə bağlı işləri sürətləndirmək barədə razılığa gəliblər.

Teleqraf xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze Siqnaxidə keçirilən Gürcüstan-Azərbaycan hökumətlərarası komissiyasının 11-ci iclasından sonra jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, sərhədin delimitasiyası və demarkasiyası prosesi uzun müddətdir irəliləmir:

"Gürcüstan tərəfi bu işlərin sürətləndirilməsini istəyib və Azərbaycan tərəfi ilə razılıq əldə olunub. Sərhədin müəyyənləşdirilməsi prosesində əsas mübahisəli məsələ iki ölkənin sərhədində yerləşən David Qareci monastır kompleksidir".

Qeyd edək ki, Azərbaycan-Gürcüstan sərhədinin uzunluğu 480 kilometrdir. 1996-cı ildən aparılan danışıqlar nəticəsində indiyədək 314 kilometrlik hissə üzrə sənədlər razılaşdırılıb.