BAKI, 29 oktyabr. TELEQRAF
Suriya məhkəməsi İran İslam İnqilab Keşikçiləri Korpusu (SEPAH) əlaqəli “Liva əl-Qüds” silahlı qruplaşmasının üzvü Əbdülcabbar Qazi Ərziqini hərbi və insanlıq əleyhinə cinayətlərdə təqsirli bilərək ömürlük həbs cəzasına məhkum edib.
Teleqraf xəbər verir ki, bu barədə Suriyanın rəsmi SANA agentliyi məlumat yayıb.
Məhkəmə Ərziqinin mənsub olduğu silahlı qruplaşmanın vətəndaş müharibəsini qızışdırmaq, məzhəblərarası qarşıdurmanı dərinləşdirmək və şəhərləri ələ keçirmək məqsədilə fəaliyyət göstərdiyini bildirib. Məhkəmə bu əməlləri Bəşər Əsədin hakimiyyəti dövründə törədilmiş mütəşəkkil və genişmiqyaslı cinayətlərlə əlaqəli olduğuna görə hərbi cinayətlər və insanlıq əleyhinə cinayətlər kateqoriyasına aid edib.
Suriyanın keçid hökuməti Bəşər Əsədin hakimiyyəti dövründə baş vermiş insan hüquqları pozuntularını araşdırırlar. Əsəd 2024-cü il dekabrın 8-də hakimiyyətinin devrilməsindən sonra Suriyadan qaçıb. Bununla da Əsəd ailəsinin beş onillikdən artıq davam edən hakimiyyətinə son qoyulub.