BAKI, 30 oktyabr. TELEQRAF

“Ermənistanda yeni konstitusiyanın qəbul edilməsi təklif olunur və bu təklif xalq səsverməsinə çıxarılacaq”.

Teleqraf xəbər verir ki, bunu Ermənistan parlamentinin sədri Ruben Rubinyan Milli Məclisin iclasında müxalif fraksiyaların üzvlərinin məsələ barədə açıqlamalarını şərh edərkən deyib.

“Əlbəttə, Ermənistan xalqı mahiyyət etibarilə ona məxsus olmayan Konstitusiyaya səs verə bilməz. Səs verəcəyi zaman isə onun özünə məxsus olduğunu bəyan edəcək. Xalqın qərar verməsinə imkan yaratmamağın məntiqini başa düşmürəm”, - o vurğulayıb.

Rubinyan mətnlə tanış olmadan onun necə pis olduğunu söyləməyi də anlamadığlnı bildirib: “Konstitusiyanın mətnində sıfırdan yazılan heç nə yoxdur. Tutaq ki, onlar (müxalifət) bunun əleyhinədir, bəs xalqa qərar vermək imkanı yaratmağa nə mane olur?”.

Spiker əlavə edib ki, konstitusiyanın səsverməyə çıxarılması məntiqli addım olardı: “Xalq onu rədd edərsə, bu halda yeni siyasi vəziyyət yaranacaq”.

Ermənistan Baş naziri Nikol Paşinyan dünən bəyan edib ki, konstitusiya dəyişikliyinə dair qanun layihəsi parlament müxalifətinin maneəsi ilə üzləşsə, hökumət növbədənkənar parlament seçkiləri də daxil alternativ variantlara üz tutacaq: “Bu halda qəribə hadisə baş verəcək. Adətən parlamentin qarşısında müxalifət mitinq keçirirsə, bu dəfə hakimiyyət mitinq keçirə bilər. Belə bir hal bir dəfə baş verib”.

Hökumət başçısının sözlərinə görə, bu ssenari (parlamentdə səsvermə) də nəticə verməsə, növbədənkənar seçkilərə getmək lazım gələcək:

“Bu halda isə bugünkü parlament müxalifətinin növbəti parlamentdə təmsil olunmayacağına 100 faiz zəmanət verilmiş olacaq”.