BAKI, 29 oktyabr. TELEQRAF
Səudiyyə Ərəbistanı Türkiyəyə öz ərazisində hərbi baza yaratmaq təklifi göndərib. Türkiyənin bu bazası Qətərdəki hərbi bazasının modelinə uyğun şəkildə qurula bilər.
Teleqraf xəbər verir ki, bu barədə “Hürriyet” qəzeti məlumat yayıb.
Türkiyənin Qətərdəki hərbi bazası 2015-ci ildən ikitərəfli razılaşma əsasında fəaliyyət göstərir. Burada təxminən 3 min türk hərbçisi yerləşdirilib. Baza birgə hərbi təlimlər və Qətər Silahlı Qüvvələrinin şəxsi heyətinin hazırlanması üçün istifadə olunur.
Səudiyyə Ərəbistanında hərbi baza yaradılması məsələsi Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan arasında imzalanmış Məkkə Müdafiə Sazişinin krallıq parlamenti tərəfindən ratifikasiya edilməsindən sonra nəzərdən keçirilə bilər. Sənəd bu həftə parlamentin Xarici Əlaqələr Komitəsindən keçib. İndi onun parlamentin ümumi iclasında təsdiqlənməsi gözlənilir.
Türkiyə parlamenti türk hərbçilərinin xaricə göndərilməsinə mandat verməli və qanunvericilər bunu zəruri hesab edərsə, hərbi bazanın yaradılması ilə bağlı ayrıca sənəd qəbul etməlidir.
“Hürriyet”in məlumatına əsasən, Türkiyə yeni təhlükəsizlik konsepsiyası çərçivəsində ikitərəfli sazişlər və müxtəlif alyanslar çərçivəsində əldə olunan razılaşmalar əsasında dünyanın müxtəlif bölgələrində, xüsusilə Afrika və Asiyada hərbi mövcudluğunu genişləndirməyi nəzərdən keçirir. Bu planlar digər amillərlə yanaşı, ABŞ-nin 2027-2028-ci illərdə Yaxın Şərqdə birbaşa hərbi mövcudluğunu azaltmaq niyyəti ilə də əlaqələndirilir.
Qəzet yazıb: “Türkiyənin yeni dövrdə məqsədi hərbi potensialından yalnız öz sərhədlərini qorumaq üçün deyil, həm də təhlükəsizlik maraqlarının olduğu müxtəlif regionlarda çəkindirmə effekti yaratmaq və diplomatik təsirini artırmaq üçün istifadə etməkdir”.
Türkiyənin 12 ölkədə hərbi bazaları var. Onlardan ən böyüyü Şimali Kipr Türk Respublikasında yerləşir. Burada 30 mindən çox türk hərbçisi xidmət edir. Türkiyənin hərbi bazaları, həmçinin Qətər, İraq, Suriya, Somali, Liviya və bir sıra digər ölkələrdə yerləşir.