BAKI, 29 oktyabr. TELEQRAF
“Türk Dövlətləri Təşkilatı təhlükəsizlik sahəsində də iqtisadiyyatda yaratdığımız həmrəylik ruhu ilə, eyni qətiyyətlə hərəkət edir”.
Teleqraf xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Türk dünyasının əsri: həmrəylikdən inteqrasiyaya” adlı məqaləsində bildirib.
“Birgə fəaliyyət qabiliyyətimizi gücləndirmək üçün imkanlarımızı birləşdirib terrorizmə, transsərhəd cinayətkarlığa, kibertəhdidlərə və təbii fəlakətlərə qarşı səfərbər edəcəyik. Birgə istehsal gücümüzü artırmaq üçün müdafiə sənayesindəki təcrübələrimizi birləşdirəcək, yerli və milli texnologiyalarımızı inkişaf etdirəcəyik.
Ortaq sivilizasiyaya mənsub olduğumuzu dərk etmək birliyimizə ən qiymətli dayağı verir. Eyni böyük sivilizasiyanın coğrafiyalara sığmayan zənginliyi Xoca Əhməd Yəsəvinin hikmətində, Əlişir Nəvainin kəlamında, Nizami Gəncəvinin irfanında, Məhtimqulu Fəraqinin misralarında, Yunus Əmrənin könül dilində və Çingiz Aytmatovun qələmində təcəssüm edir. Bütün bunlar həmin zənginliyin gələcəyinə də işıq salan nişanələrdir”, - dövlət başçısı deyib.
Ərdoğan qeyd edib ki, mədəni baxımdan yaxınlaşma yolunda tarixi məna daşıyan addımlardan biri ortaq türk əlifbası ilə bağlı ortaya qoyulan iradədir:
“Bu addımı daha da irəli aparmağa təhsil, elm, nəşriyyat və rəqəmsal texnologiyalar sahələrindəki əməkdaşlığımız xidmət edəcək. Gənclərimizi qardaş ölkələrdə təhsil almağa həvəsləndirəcək, universitetlərimizin və alimlərimizin bir araya gəlməsini təmin edəcəyik. Süni intellekt dövründə türk dillərinin özünə layiq mövqe qazanmasına da nail olacağıq. Türk dünyasının gələcəyini birgə qurmaq üçün biliklərimizi, təcrübəmizi və imkanlarımızı birləşdirəcəyik. İstənilən şəraitdə qardaşlığımızı yaşatmaq, bir-birimizin haqq və hüquqlarını müdafiə etmək bu köklü sivilizasiyanın bizdən tələb etdiyi məsuliyyətdir”.
Türkiyə Prezidenti vurğulayıb ki, ortaq coğrafiyada sülhün və qarşılıqlı etimadın möhkəmlənməsinə də Türk Dövlətləri Təşkilatının artan gücü xidmət edəcək:
“Əməkdaşlıq və həmrəyliyə söykənən yanaşması ilə Təşkilatımız regional və qlobal sabitliyə bundan sonra da töhfə verəcək.
İqtisadiyyatda, siyasətdə, mədəniyyətdə və texnologiyada davamlı uğurlar əldə etməyimiz üçün ortaq iradəmiz əməli nəticələrə çevrilməlidir. Türk Dövlətləri Təşkilatının qarşısında duran əsas vəzifə budur. Qarşımıza qoyduğumuz böyük hədəflər qardaş xalqlarımızın əmin-amanlığına, rifahına və inkişafına xidmət edən konkret nailiyyətlərə çevrildikcə gücümüz daha da möhkəmlənəcək.
Qəlbən inanıram: XXI əsr “Türk dünyasının əsri” olacaq. Bu hədəfə aparan yeni üfüqləri Ankara Zirvəsi açacaq. Zirvə ilə Təşkilatımızın beynəlxalq təsiri artacaq, qardaş ölkələrimiz arasındakı həmrəylik daha da möhkəmlənəcək. Üzərimizə düşən ən böyük vəzifə əsrlərdir ürəyimizdə saxladığımız birlik məfkurəsini qalıcı əsərlərlə taclandırmaq və hər baxımdan daha qüdrətli türk dünyasını gələcək nəsillərə əmanət etməkdir”.