BAKI, 30 oktyabr. TELEQRAF
Oktyabrın 31-dən etibarən Ermənistanın 7 il saxlanılma müddəti olan “Arame” və Gürcüstanın 8 il saxlanılma müddəti olan “Shiyoi Marani” konyaklarının idxalı və satışı qadağan ediləcək.
Teleqraf xəbər verir ki, bu barədə Belarusun Dövlət Standartlaşdırma Komitəsi bildirib.
Qurumun məlumatına görə, aparılan ekspertizalar nəticəsində hər iki məhsulun Gömrük İttifaqının ərzaq təhlükəsizliyi, məhsulların markalanması və konyaklara dair texniki xüsusiyyətlərlə bağlı texniki reqlamentlərinin tələblərinə cavab vermədiyi müəyyən edilib.
Qeyd olunub ki, məhsullara konyaka xas xarici görünüş və müəyyən xüsusiyyətlər verilsə də, onları konyak kimi eyniləşdirmək mümkün deyil.
Qurum vurğulayıb ki, istehlakçı qablaşdırmasının üzərində göstərilən ad ərzaq məhsulunu düzgün xarakterizə etmir və onun bəyan edilmiş adla eyniləşdirilməsinə imkan vermir.
Qadağa 2026-cı il oktyabrın 31-dən qüvvəyə minəcək.