BAKI, 13 iyun. TELEQRAF
“İslam Respublikasının Silahlı Qüvvələrinin qüdrətli əli, Allahın izni ilə, sionist rejimi cəzasız buraxmayacaq”.
Teleqraf xəbər verir ki, bu sözləri İranın Ali Rəhbəri Əli Xamanei xalqa müraciətində bildirib.
"Bu gün səhər saatlarında sionist rejim ölkəmizə qarşı növbəti cinayət törədərək çirkin və qanlı əlləri ilə öz qərəzli niyyətini və hiyləgər mahiyyətini bir daha üzə çıxardı. Sivil yaşayış məntəqələrini hədəfə almaqla bu rejim öz həqiqi simasını göstərdi. Bu addımına görə o, mütləq ağır şəkildə cəzalandırılmalıdır. Allahın izni ilə, İranın güclü Silahlı Qüvvələri bu hücumu cavabsız qoymayacaq",- o qeyd edib.
Əli Xamaneinin sözlərinə görə, bu hücum nəticəsində İranın bəzi komandirləri və elmi sahədə çalışan mütəxəssisləri həlak olublar:
"Lakin onların yerini tutacaq şəxslər və həmkarları öz fəaliyyətlərini dərhal davam etdirəcəklər, inşallah. Bu cinayətlə sionist rejim özü üçün ağrılı və kədərli bir aqibət hazırladı və bu aqibəti mütləq yaşayacaq".
Xatırladaq ki, İsrail Hərbi Hava Qüvvələri iyunun 13-də səhər saatlarında İrana zərbələr endirib. Hücum zamanı ölkənin Fordo və Natantz nüvə obyektləri, eləcə də hərbi bazaları hədəfə alınıb. İranın Atom Enerjisi Təşkilatı Natanz nüvə obyektinin məhv edildiyini təsdiqləyib.
Hava əməliyyatları nəticəsində İran İslam İnqilabı Keşikçiləri Korpusunun baş komandanı general-mayor Hüseyn Salami, Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-leytenant Məhəmməd Hüseyn Baqiri, ali dini rəhbərin müşaviri Əli Şamxani, “Hatəm-əl-Ənbiya” Qərargahının rəisi Qulam Əli Rəşid və digər yüksək rütbəli şəxslər, o cümlədən üç nüvə alimi həlak olub.
İran isə bir neçə saat sonra cavab zərbələrinə başlayıb. Tehran İsrail istiqamətində 100-dən çox pilotsuz təyyarə göndərib.