BAKI, 27 noyabr. TELEQRAF

İraqda fəaliyyət göstərən “Kətaib Hizbullah” terror təşkilatı ABŞ ilə mümkün yeni qarşıdurmada İrana dəstək verməyə hazırlaşır.

Teleqraf xəbər verir ki, bu barədə “Al-Monitor” İraq mənbələrinə istinadla məlumat yayıb.

Mənbələr təşilatın noyabrın 27-də Əl-Ənbar və Kərbəla əyalətlərinin qərb hissələrində qüvvələrinin yerdəyişməsi və mövqelərinin möhkəmləndirilməsi barədə məlumat veriblər. “Kətaib Hizbullah” hələ də Cərf əs-Səxr bölgəsinə nəzarəti özündə saxlayır. Təşkilatın bölgədə silah anbarları, gizli raket və dron istehsalı müəssisələri, eləcə də yeraltı obyektləri mövcuddur.

“Kətaib Hizbullah” və “Ən-Nücəba” qruplarının fəallaşması İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) “Qüds” qüvvələrinin komandanı İsmayıl Qəninin İraqa səfəri və silahlı qruplaşmaların komandirləri ilə görüşləri ilə eyni vaxta təsadüf edir.