BAKI, 26 noyabr. TELEQRAF

İsrail Xarici İşlər Nazirliyi Qadınlara qarşı zorakılıqla Beynəlxalq Mübarizə Günü ilə eyni vaxtda İranın BMT-nin Proqram və Koordinasiya Komitəsinə yenidən üzv seçilməsini tənqid edib.

Teleqraf xəbər verir ki, qurum bunu İran hakimiyyətinin qadınlara qarşı davranışı ilə ziddiyyət təşkil edən hal kimi qiymətləndirib.

Nazirlik iranlı müğənni Pərasti Əhmədiyə hicabsız səhnədə çıxış etdiyi üçün 74 şallaq zərbəsi cəzasının tətbiq edilməsinə diqqət çəkərək bildirib ki, cəmi iki həftə əvvəl 144 ölkə Tehranın qlobal prioritetlərin, o cümlədən qadın hüquqlarının müəyyənləşdirilməsində rol oynayan komitəyə üzv seçilməsinin lehinə səs verib.

“İran qadınları şallaqlayır, BMT isə İranı mükafatlandırır. Bu, utancverici ikiüzlülükdür”, - İsrail XİN vurğulayıb.

“Israel National News” nəşrinin məlumatına görə, Pərastu Əhmədi və onun proqramının çəkiliş qrupunun dörd üzvünün hər biri 74 şallaq zərbəsinə məhkum edilib. Bu hökmlər “ictimai əxlaq”a aid ittihamlar və İran hakimiyyətinin “ictimai əxlaqa zidd hesab etdiyi məzmun”un yayılması ilə əlaqədar çıxarılmışdı.

Əhmədi və həmkarları barəsində cinayət işi 2024-cü il dekabrın 11-də “YouTube” platformasında “Karvansara konserti” videosunun yayımlanmasından sonra açılıb. Onlar şallaq cəzası ilə yanaşı, iki il müddətinə incəsənət fəaliyyəti ilə məşğul olmaqdan və ölkədən çıxmaqdan məhrum edilib.

Bu hökmlərin icrası beynəlxalq səviyyədə də reaksiyalara səbəb olub. BMT-nin İnsan Hüquqları üzrə ali komissarı Volker Türk şallaq cəzasını beynəlxalq hüququn pozulması kimi qiymətləndirərək, İranda bu cəzanın ləğv edilməsinə çağırıb.