BAKI, 28 noyabr. TELEQRAF

Ukrayna Silahlı Qüvvələrinin istifadə etdiyi “Starshield” peyk rabitə sisteminin fəaliyyətinə tətbiq olunan məhdudiyyətlər ciddi itkilərə və bir sıra hərbi əməliyyatların ləğvinə səbəb olub.

Teleqraf xəbər verir ki, bu barədə “Kyiv Independent” nəşri Ukraynanın yüksək rütbəli hərbçilərinə istinadən məlumat yayıb.

Mənbələrin sözlərinə görə, məhdudiyyətlər xüsusilə Ukrayna ordusunun FP-2 orta mənzilli zərbə pilotsuz uçuş aparatlarının (PUA) fəaliyyətinə ciddi təsir göstərib.

Bildirilib ki, bəzi əməliyyatlar zamanı Ukrayna ordusu son dərəcə böyük sayda PUA itirib, digər əməliyyatlar isə tamamilə ləğv edilib.

Ukrayna ordusunun yüksək rütbəli nümayəndələrindən biri “Starshield” sisteminin fəaliyyətinin məhdudlaşdırılmasını siyasi qərar adlandırıb.

Daha əvvəl Ukrayna Prezidenti Volodimir Zelenski sistemə çıxışla bağlı problemlər səbəbindən ölkə ordusunun düşmən PUA-larının zərərsizləşdirilməsində çətinlik çəkdiyini açıqlayıb.

Noyabrın ortalarında Zelenski Ukrayna ordusunun “Starshield” sisteminə çıxışının beş gün ərzində məhdudlaşdırıldığını bildirmişdi. Oktyabrda isə Kiyev sistemin məlumat ötürmə sürətinə məhdudiyyətlərin tətbiqindən şikayətlənmişdi.

ABŞ Prezidenti Donald Tramp isə Ukraynada “Starlink” peyk rabitə sisteminə çıxışın məhdudlaşdırılması barədə məlumatının olmadığını açıqlamışdı.