BAKI, 27 noyabr. TELEQRAF

"Zirə"nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan Premyer Liqasının XIII turunda səfərdə "Neftçi"yə 0:1 hesabı ilə uduzduqları oyundan sonra keçirilən mətbuat konfransında çıxış edib.

Teleqraf xəbər verir ki, mütəxəssis erkən qol buraxmalarına baxmayaraq, futbolçularının oyunundan razı qaldığını bildirib:

“Rəqibin ilk dəqiqələrdə pressinq tətbiq edəcəyini bilirdik, futbolçulara sadə oynamağı tapşırmışdıq. Təəssüf ki, elə həmin dəqiqələrdə qol buraxdıq. Bundan 15-20 dəqiqə sonra ərazi üstünlüyünü ələ aldıq. İkinci hissədə hesab bizi daha fəal oynamağa vadar edirdi və bir neçə təhlükəli epizod yaratdıq. Çempionatın liderinə qarşı səfərdə oynayırdıq. Ümumilikdə futbolçuların çıxışından razı qaldım. Zədəli oyunçularımız sıraya dönsə, daha güclü olacağıq”.

R. Sadıqov rəqib komandanın çalışdırıcısı (Yuri Vernidub -red.) ilə yaşanan dialoqa da aydınlıq gətirib:

“Barmaq silkələməyimi xatırlamıram, ola bilsin, etmişəm. Ona dedim ki, çox artıq kəlmələr işlədirsiniz, sadəcə "Neftçi"də olduğunuz üçün bu kluba olan hörmətim və sevgimdən sizə cavab vermirəm. Elə bilməyin ki, danışmağa sözüm yoxdur. Ötən oyundan sonra da çox artıq ifadələr işlətmişdi. Bəzi açıqlamaları və kəlmələri ona yaraşdırmıram. Bu gün fasilədə də yanımdan keçərkən hakimlikdən narazılıq edərək çox sözlər deyirdi. Yenə heç nə demədim, sadəcə oyundan sonra susmağımın səbəbinin "Neftçi" olduğunu bildirdim”.

Baş məşqçi heyətdəki vinger çatışmazlığından və sıx oyun qrafikindən də danışıb:

“Ciddi vinger qıtlığımız var. Hazırda komandada tam formalaşmış yeganə vinger Eren Aydındır. Kris Diqbeu və Dameyn Smit isə gəncdirlər, gələcəyə hesablanmış transferlərdir. Zədələrdən sonra ön xətdə taleyi həll edəcək futbolçular baxımından problem yaşayırıq. 11 legioner limitinə keçiddən sonra böyük büdcə ilə oyunçu gətirən komandalarla rəqabət aparmaq bizim üçün çətindir. Qarşıda bizi "Karvan" və "Sabah"la oyunlar gözləyir. Kasad heyətlə bu cür sıx qrafikdə oynamaq əlavə problemdir”.