BAKI, 27 noyabr. TELEQRAF
ABŞ il ərzində bir neçə dəfə İranın İraq hökumətinə təsirini azaltmasa, Bağdadın neft gəlirlərinə çıxışını dayandıra biləcəyi ilə bağlı hədələyib.
Teleqraf xəbər verir ki, bu barədə “Reuters” mənbələrə istinadla məlumat yayıb.
İraqın neft gəlirləri hələ də Nyu-York Federal Ehtiyat Bankındakı hesab vasitəsilə köçürülür. Bu mexanizm 2003-cü ildə ABŞ-nin İraqa müdaxiləsindən sonra yaradılıb və artıq 20 ildən çoxdur fəaliyyət göstərir.
Agentlik iki məlumatlı mənbəyə istinadla yazıb ki, ABŞ bu təhdidi İranın İraq hökumətindəki təsirini azaltmaq məqsədilə Bağdada göstərilən təzyiq çərçivəsində irəli sürüblər. Mənbə həmçinin bildirib ki, ABŞ rəsmiləri bu ilin yayında İraq Baş naziri Əli əl-Zeydi ilə ölkənin OPEC-dən çıxması məsələsini müzakirə edərək, onu bu variantı nəzərdən keçirməyə təşviq ediblər. İraqın Neft Nazirliyi ölkənin OPEC-dən çıxmasına qarşı çıxıb. Qurum Baş nazirə bunun əvəzinə İraqın təşkilat daxilində neft hasilatı kvotasının artırılması istiqamətində çalışmasını təklif edib.
“Reuters” əlavə edib ki, Donald Tramp administrasiyası Nikolas Maduronun həbsindən sonra Venesuela rəsmilərini də ölkənin OPEC-dən çıxması məsələsini nəzərdən keçirməyə təşviq edib. Vaşinqton Venesuelanın OPEC-ə illik üzvlük haqqını ödəməsinə də mane olub. ABŞ rəsmiləri hesab edirlər ki, bu vəsait daha vacib məqsədlərə yönəldilə bilər. Amma Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salmanın müdaxiləsindən sonra Tramp administrasiyası Venesuelaya OPEC-dən çıxmaq üçün təzyiqləri davam etdirməyib.