BAKI, 28 noyabr. TELEQRAF
"Batumidə futbol azarkeşlərinə qarşı bu cür münasibət göstərilməsini qəbul edə bilmərik. Məsələ ilə bağlı gürcü səfir Arçil Kalandian Xarici İşlər Nazirliyinə çağırıldı, lazımi xəbərdarlıqlar edildi və müzakirələr aparıldı. Bu, bizim üçün son dərəcə qəbuledilməz bir vəziyyətdir. Bu, iki ölkə arasındakı münasibətlərin səviyyəsinə uyğun deyil. İnanıram ki, onlar bu məsələ ilə bağlı mesajlarımızı başa düşdülər".
Teleqraf xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Hakan Fidan Gürcüstanın Batumi şəhərində Türkiyənin “Beşiktaş” və İsrailin “Hapoel” (Beer-Şeva) klubları arasında keçirilən oyunda baş verən insidentə münasibət bildirərkən qeyd edib.
H.Fidan jurnalistlərə açıqlamasında deyib: "Bu uğursuz və qəbuledilməz hadisələr baş verəndə mən təyyarədə idim. Biz dünən Milli Təhlükəsizlik Şurasının iclasından təzə çıxmışdıq. Mən milli müdafiə nazirimiz və Baş qərargah rəisimizlə birlikdə təyyarəyə mindik və Pakistana gedirdik. Bu hadisələr matç zamanı baş verdi. Bundan sonra dərhal Gürcüstan xarici işlər nazirinə zəng etdim. Həmçinin oradakı səfirimiz və baş konsulumuzla birbaşa əlaqə saxladıq".
Fidan qeyd edib ki, əsas məqsəd gərginliyi azaltmaq, heç bir vətəndaşın saxlanılmamasıdır: "Bütün lazımi tədbirlər görülüb və digər nazirliklər də bu işə cəlb olunub".